Azedu.az

Qəbuldan maksimum bal toplayan Aişə: “Əsas çox oxumaq deyil”

İmtahanlar və qəbul məsələləri

17 İyun 2026, 20:58
Qəbuldan maksimum bal toplayan Aişə: “Əsas çox oxumaq deyil”

24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub.

III ixtisas qrupu üzrə ən yüksək nəticə olan 400 balı toplayan abituriyentlər arasında Nizami rayonundakı 62 nömrəli məktəb-liseyin məzunu Aişə Qasımova da yer alıb.

Qəbul imtahanında maksimal nəticə göstərən Aişə Qasımova hazırlıq prosesi, uğurunun sirri və gələcək planları barədə AzEdu.az-a danışıb.

Abituriyent bildirib ki, nəticə onun üçün gözlənilməz olmayıb:

“Bu nəticəni gözləyirdim, çünki ona uyğun hazırlaşmışdım. Düzdür, 390 baldan yuxarı nəticə gözləyirdim, amma 400 bal toplamaq bizi daha da sevindirdi. Nəticəni evdə valideynlərimlə birlikdə öyrəndim”.

A. Qasımova qeyd edib ki, uğurunda həm repetitorlarının, həm də məktəbinin böyük rolu olub:

“Hazırlıq kurslarına getsəm də, əsas baza məktəbdə formalaşıb. Buna görə də məktəbin rolunu xüsusi qeyd etmək istəyirəm”.

Buraxılış imtahanında 286 bal toplayan məzun ümumilikdə 686 bal topladığını bildirib.

Gələcək planlarından danışan Aişə Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə təhsil almaq istədiyini deyib:

“Böyük ehtimalla Bakı Dövlət Universitetinin ingilis dilində tədris olunan hüquq ixtisasını seçəcəyəm. Universitet təhsilimi başa vurduqdan sonra xaricdə magistratura təhsili almağı planlaşdırıram”.

Abituriyent imtahana hazırlıq mərhələsində məktəb və hazırlıq arasında balans qurmağın vacibliyini vurğulayıb:

“Məktəbdə baza yaxşı formalaşdığı üçün hazırlıq prosesində mövzular mənə yeni deyil, daha çox təkrar kimi gəlirdi. Səhərlər məktəbdə olurdum, buna görə də əsasən gecələr dərs oxuyurdum. Məktəblə hazırlığı paralel aparmaq çətin olsa da, bunun öhdəsindən gəlməyə çalışırdım”.

Yüksək nəticənin sirrindən danışan A. Qasımova çox oxumağın deyil, səmərəli oxumağın vacib olduğunu qeyd edib:

“Neçə saat oxuduğumu heç vaxt hesablamamışam. Məncə, əsas məsələ çox oxumaq deyil, səmərəli oxumaqdır. Hər kəs özünə uyğun öyrənmə metodunu tapmalıdır. Mən dərsləri öz-özümə danışaraq, sanki kiməsə izah edirmiş kimi öyrənirdim”.

İmtahanda ən çox vaxtını ədəbiyyat fənninə sərf etdiyini deyən abituriyent bəzi suallarda iki cavab arasında qaldığını bildirib:

“Ümumilikdə ciddi çətinlik yaşamadım. Sadəcə, ədəbiyyat fənnində bəzi suallar üzərində daha çox düşündüm. Buna baxmayaraq, imtahanı iki saata tamamladım”.

Motivasiyasının əsas mənbəyinin gələcək hədəfləri olduğunu deyən A. Qasımova valideynləri və müəllimlərinin də ona hər zaman dəstək olduqlarını vurğulayıb.

Digər abituriyentlərə tövsiyələrini bölüşən məzun bildirib ki, uğurun əsas şərtlərindən biri planlı və sistemli çalışmaqdır:

“Çox arxayın olmaq düzgün deyil. Özünə inanmaq vacibdir, amma bununla yanaşı müntəzəm çalışmaq lazımdır. Sınaq imtahanları işləyərək zəif tərəfləri müəyyənləşdirmək və müəllimlərin verdiyi sistem üzrə irəliləmək yüksək nəticə əldə etməyə kömək edir. Mən qeyri-adi heç nə etməmişəm, sadəcə sistemli şəkildə çalışmışam”.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox