Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər məktəbli forması ilə bağlı müəyyən müzakirələrə səbəb olub.
Lakin ictimaiyyətdə bu dəyişikliklərin mahiyyəti ilə bağlı bəzi yanlış təsəvvürlər formalaşıb. Bəzi şəxslər dəyişikliklərin məktəb formalarının dizaynının, rənginin və ya modelinin yenilənməsi anlamına gəldiyini düşünür və bu istiqamətdə müxtəlif fikirlər səsləndirirlər.
AzEdu.az yanlış anlaşılmaların qarşısının alınması üçün qanun layihəsinin mahiyyəti barədə daha ətraflı məlumat əldə edib.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bu qanunda məktəbli formalarının dəyişdirilməsindən söhbət getmir. Əgər kimsə düşünürsə ki, yeni məktəbli formaları tətbiq olunacaq və valideynlər əlavə xərc çəkməli olacaqlar, bu, doğru deyil.

Məktəblərdə vahid geyim yanaşması nizam-intizamı və tədrisin keyfiyyətini gücləndirməyə xidmət edir:
“Qanuna edilən əlavə və dəyişiklikdən də göründüyü kimi, burada əsas məqsəd dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın təmin edilməsidir. Eyni zamanda, dövlət ümumi təhsil müəssisələrində təhsil mühitinin təşkilati əsaslarının daha da gücləndirilməsi, geyimlə bağlı vahid yanaşmanın hüquqi çərçivəsinin dəqiqləşdirilməsi və məktəbdaxili nizam-intizamın dəstəklənməsidir.
Həmçinin həm təhsilalanların, həm də təhsilverənlərin ümumi zahiri görünüşündə təhsil mühitinə uyğun olmayan və diqqəti tədris prosesindən yayındıra biləcək müxtəlif rəmz və atributların, eləcə də qeyri-rəsmi və ictimai etik normalara uyğun hesab edilməyən geyim elementlərinin minimuma endirilməsidir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, dəyişiklik təhsil müəssisələrində vahid yanaşmanın tətbiqi, nizamlı təhsil mühitinin formalaşdırılması, peşəkar davranış mədəniyyətinin gücləndirilməsi və tədris prosesinin keyfiyyətinin artırılması məqsədi daşıyır. Əslində bu barədə müzakirələr cəmiyyətdə xeyli vaxtdır gedirdi. Bu baxımdan sənəd xüsusi əhəmiyyət daşıyır".
Sadə və səliqəli işgüzar üslub şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını almağa kömək edir:
"Hamımıza məlum olduğu kimi, məktəblərdə vahid geyimin tətbiqi beynəlxalq təcrübədə dünyanın bir çox ölkələrində geniş tətbiq olunur. Dünyanın hər yerində vahid geyim forması təhsil mühitində təşkilati nizamın və peşəkar və işgüzar mühitin formalaşdırılmasının mühüm elementlərindən biri hesab olunur. Məsələn Malaziyada Dövlət məktəblərində çalışan müəllimlər üçün rəsmi geyim kodları mövcuddur. Sinqapur və Koreyada təhsilverənlərin geyim qaydaları olduqca sərtdir. Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirliyi və Qətərdə məktəblərdə müəllimlərdən müəyyən geyim normalarına əməl etmələri tələb olunur.
Heç şübhəsiz ki, məktəblər təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa hazırlayan mühüm sosial institutdur. Beləliklə vahid məktəbli forması və geyim tələbləri sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradacaq.
Həmçinin vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edəcək. Müəllimlərin işgüzar üslubda görünməsi onların özlərinin və məktəbin ictimai nüfuzuna müsbət təsir göstərəcək. Birmənalı olaraq müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Sadə və səliqəli işgüzar üslub şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını almağa kömək edəcək. Yəqin ki, hər birimiz razılaşarıq ki, geyim müəllimin ünsiyyətinə və dərsin idarə olunmasına maneə olmamalıdır.
Bu da danılmaz faktdır ki, geyimdə peşəkarlıq və standartlara uyğunluq müəllimin pedaqoji nüfuzunun qorunmasına xidmət edir. Müəllimin görünüşü isə şagirdlərdə məktəb mühitinə, davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına münasibətin formalaşmasına təsir edən amillərdən biridir".
Uşaqların təhsil mühitində tətbiq olunan qaydalara hörmətlə yanaşması ilk növbədə ailədə formalaşan dəyərlərlə bağlıdır:
"Hamımıza məlum olduğu kimi, vahid işgüzar üslub həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesinə daha ciddi yanaşmasını təşviq edir. Bu, məktəbdaxili münasibətlərə və müəllimlərin valideynlər və şagirdlər tərəfindən qəbul edilməsinə müsbət təsir göstərir. Geyimin qiymətinə, dəbə uyğunluğuna, dəyişmə tezliyinə olan əlavə marağı azaldır.
Burada onu da xüsusi vurğulamaq lazımdır ki, Təhsil mühitində tətbiq olunan qaydaların səmərəli həyata keçirilməsi məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsini tələb edir. Valideynlərin bu prosesə dəstəyi uşaqların məktəb mühitinə uğurlu adaptasiyasına töhfə verir.
Valideynlər məktəbdə formalaşdırılan nizam-intizam, məsuliyyət və davranış mədəniyyəti ilə bağlı yanaşmaların dəstəklənməsi uşaqların şəxsiyyət kimi inkişafında mühüm rol oynayırlar. Bu məsələdə onların da üzərinə ciddi vəzifələr düşür.
Birgə əməkdaşlıq və vahid mövqe nümayiş etdirmədən ciddi nəticəyə nail olmaq qeyri-mümkündür. Bu mənada Uşaqların təhsil mühitində tətbiq olunan qaydalara hörmətlə yanaşması ilk növbədə ailədə formalaşan dəyərlər və davranış nümunələri ilə sıx bağlıdır. Məktəb və ailənin eyni istiqamətdə fəaliyyət göstərməsi təlim-tərbiyə prosesinin effektivliyini daha da artıracaq”.