“Olimpiadada 73 mindən çox şagird iştirak edib”.
AzEdu.az xəbər verir ki, bu sözləri ARTİ-nin direktor müavini jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Respublika Fənn Olimpiadaları 8-11-ci sinif şagirdləri arasında keçirilir və bu il müsabiqəyə 73 mindən çox şagird qatılıb:
“Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qaliblərinin mükafatlandırılması mərasimində iştirak edirik. Artıq 520 şagird qalib elan olunub.
Bu il mükafatlandırma mərasimlərini fərqli formatda təşkil etmişik. Təbiət, humanitar və texniki fənlər üzrə qaliblər ayrı-ayrı tədbirlərdə təltif olunurlar. İnanırıq ki, bu gün mükafat alan şagirdlər gələcək həyatlarında da uğurlarını davam etdirəcəklər.
Respublika Fənn Olimpiadalarının qalibləri beynəlxalq olimpiadalara hazırlıq məqsədilə təşkil olunan seçmə mərhələlərə dəvət edilirlər. Bu gün burada olan şagirdlərin bir qismi gələcəkdə Azərbaycanı müxtəlif beynəlxalq olimpiadalarda təmsil edəcək.
Azərbaycanın bu sahədə mühüm nailiyyətləri var. Ümid edirəm ki, şagirdlərimiz beynəlxalq arenada ölkəmizi, dövlət bayrağımızı və xalqımızın intellektual potensialını layiqincə təmsil edəcəklər".