“Bu otaqda olan hər kəs bu gün qalib hesab oluna bilər. Tək ona görə yox ki, hansısa yer tutub. Onları indi biz qeyd edəcəyik və sizləri də mükafatlandıracağıq”.
AzEdu.az xəbər verir ki, bu sözləri Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılma mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışı zamanı qeyd edib.
O bildirib ki, iştirakçıların qalib sayılmasının əsas səbəbi təkcə nəticə deyil, həm də onların prosesə qatılmaq üçün göstərdiyi cəsarət və iradədir:
“Əsasən ona görə qalibsiniz ki, siz özünüzdə həm cəsarət tapmısınız bu prosesdə iştirak eləməyə. Kifayət qədər iradə tələb eləyən işdir. Siz özünüzdə bu gücü tapmısınız ki, davamlı bu qiymətləndirmələrə, imtahanlara hazırlaşasınız, təslim olmayasınız. Bu o keyfiyyətdir, hansı ki, mən düşünürəm sizə bütün həyatınız boyu xidmət edəcəkdir”.
Nazir müavini həmçinin qeyd edib ki, şagirdlər bu prosesdə həm də komanda ilə işləmə bacarığı qazanıblar və bu uğurda müəllimlərin və valideynlərin rolu böyükdür:
“Və ən əsası siz digərləri ilə işləməyi öyrənmisiniz. Bilirəm, burada olimpiada qalibi və qızıl medal alan ola bilsin bir nəfərdir. Amma digər işləməli olduğunuz adamlar burada sözsüz ki, müəllimlərinizdir, valideynlərinizdir. Mən onlara da böyük təşəkkür etmək istəyirəm”.