"Bu gün əldə etdiyiniz uğurlar gələcək böyük nailiyyətlərinizin başlanğıcıdır".
AzEdu.az xəbər verir ki, bu sözləri Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılma mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, bu il Respublika Fənn Olimpiadalarında 70 mindən çox şagird iştirak edib ki, bu da olimpiadalara marağın ildən-ilə artdığını göstərir.
“Bu gün olimpiada qaliblərimiz dünyanın nüfuzlu universitetlərində, o cümlədən Sinqapur və Böyük Britaniyanın ali təhsil müəssisələrində təhsil alırlar. Azərbaycanlı şagirdlərin beynəlxalq arenada qazandıqları uğurlar ölkəmiz üçün böyük nailiyyətdir.
Bu nəticələrin əldə olunmasında ADNSU məzunlarının da mühüm rolu var. Onlar peşəkar mühəndislər kimi tanınırlar. Universitetimiz müxtəlif meyarlar üzrə ölkənin ən güclü mühəndislik ali təhsil müəssisələrindən biridir. Eyni zamanda, regionun ən zəngin mineralogiya kolleksiyalarından biri də məhz universitetimizdə yerləşir.
Sizin kimi uğurlu və perspektivli şagirdləri gələcəkdə ali məktəbimizdə görməkdən məmnun olarıq”,- deyə rektor vurğulayıb.