Gürcüstanda xarici tələbələrin ali və peşə təhsili müəssisələrinə qəbulu qaydalarının sərtləşdirilməsi nəzərdə tutulur.
AzEdu.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin hazırladığı yeni qanun layihəsinə əsasən, xarici tələbələrin təhsil prosesinə nəzarətin gücləndirilməsi və miqrasiya proseslərinin daha effektiv idarə olunması məqsədilə bir sıra yeni tələblər tətbiq ediləcək.
Qanun layihəsində qeyd olunur ki, mövcud qanunvericilikdə xarici tələbələrin təhsili ilə bağlı ətraflı tənzimləmə mexanizmləri yoxdur. Bu səbəbdən bəzi hallarda əcnəbilərin formal olaraq universitetlərə qəbul olunduğu, lakin onların faktiki təhsil fəaliyyəti ilə məşğul olub-olmadığının müəyyən edilməsinin mümkün olmadığı bildirilir.
Təklif edilən dəyişikliklərə əsasən, xarici vətəndaşların ali və peşə təhsili müəssisələrinə qəbulu üçün əlavə şərtlər müəyyənləşdiriləcək. Namizədlərdən beynəlxalq səviyyədə tanınan dil sertifikatı təqdim etmələri və ya Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin təşkil etdiyi xarici və ya dövlət dili imtahanından uğurla keçmələri tələb olunacaq.
Bundan əlavə, Gürcüstan hökuməti tərəfindən təhsil müəssisələrində xarici tələbələrin qəbulu üzrə maksimal kvotalar müəyyən ediləcək.
Layihəyə görə, ali və peşə təhsili müəssisələri xarici tələbələrlə bağlı bütün məlumatları vahid informasiya sisteminə daxil etməli olacaqlar. Bu məlumatlara qəbul, qeydiyyat, təhsilin dayandırılması, tələbə statusunun bərpası, köçürülmə və məzuniyyət kimi proseslər aid olacaq. Qaydaları pozan təhsil müəssisələri üçün inzibati məsuliyyət nəzərdə tutulur. Sanksiyalar cərimədən başlayaraq xarici tələbə qəbuluna məhdudiyyət qoyulması və akkreditasiyanın ləğvinədək dəyişə bilər.
Qanun layihəsində həmçinin qeyd olunur ki, təhsil məqsədli yaşayış icazələri yalnız akkreditə olunmuş ali və ya peşə təhsili müəssisəsinə qəbul olunmuş yetkin yaşlı şəxslərə veriləcək.
Eyni zamanda, xarici tələbələrin Gürcüstanda qalmaq hüququnun dayandırılması üçün əsaslar da müəyyənləşdirilir. Belə ki, akademik tələbləri yerinə yetirməyən, iş fəaliyyəti ilə bağlı şərtləri pozan və ya qanunla müəyyən edilmiş müddətdə ölkə ərazisində olmayan tələbələrin yaşayış icazələri ləğv edilə biləcək.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, dəyişikliklər Ədliyyə Nazirliyi və Təhsil, Elm və Gənclər Nazirliyi ilə birgə hazırlanıb və xarici vətəndaşların ölkədə qalmasının daha şəffaf və təhlükəsiz şəkildə tənzimlənməsinə xidmət edir.
(Azərbaycan müəllimi)