Astronomlar Günəş sistemindən kənarda yerləşən yeddi ekzoplanetin maqnit sahəsini ilk dəfə müəyyən ediblər. Alimlər bildirirlər ki, bu kəşf gələcəkdə həyat üçün əlverişli planetlərin axtarışında mühüm rol oynaya bilər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verie ki, tədqiqat zamanı “isti Yupiterlər” adlandırılan qaz nəhəngi planetlər müşahidə olunub. Araşdırma nəticəsində onların atmosferindəki küləklərin gözlənildiyindən daha yavaş hərəkət etdiyi müəyyən edilib. Alimlər bunu planetlərin maqnit sahəsinin atmosferdəki yüklü hissəciklərlə qarşılıqlı təsiri ilə əlaqələndirirlər.
Mütəxəssislərin fikrincə, maqnit sahəsi planetin atmosferini və səthini kosmik radiasiyadan qoruyan əsas amillərdən biridir. Buna görə də yeni kəşf gələcəkdə Yerə bənzər və yaşayış üçün əlverişli ola biləcək ekzoplanetlərin öyrənilməsində mühüm əhəmiyyət daşıyır.
Araşdırmanın nəticələri Nature Astronomy jurnalında dərc olunub.