Azedu.az

Dərs artıq təkcə izah deyil: müəllimlərdən şagirdyönümlü tədris MODELLƏRİ

Müəllimlər və elm adamları

3 İyun 2026, 15:12
Dərs artıq təkcə izah deyil: müəllimlərdən şagirdyönümlü tədris MODELLƏRİ

Bu gün hər bir müəllimin özünəməxsus öyrətmə, dərs demə metodları var. 

Müəllimlər ənənəvi tədris çərçivəsindən çıxaraq oyunlar, layihələr, real həyat nümunələri və interaktiv fəaliyyətlərlə dərsi daha maraqlı və effektiv hala gətirməyə çalışırlar.

 Müşahidələr göstərir ki, fərqli metodlarla keçirilən dərslər şagirdlərin həm motivasiyasını, həm də öyrənmə nəticələrini əhəmiyyətli dərəcədə artırır.

Məhz bu səbəbdən AzEdu.az müəllimlər arasında sorğu keçirdərək onların hansı dərs metodlarının olduğunu öyrənib. 

Sorğunu təqdim edirik:

Alman dili müəllimi, "Örnək müəllim" Vüsalə Ağaliyeva sinifdə Almaniyada öyrəndiyi müasir tədris metodlarından istifadə edir:

184421

"Pedaqoji fəaliyyətim dövründə şagirdyönümlü və motivasiyaedici təhsil modeli formalaşdırmışam. Almaniyada iki dəfə müəllimlərin təkmilləşdirilməsi kursunda iştirak etmişəm və həmin kurslarda öyrəndiyim müasir tədris metodlarını dərslərimdə tətbiq edirəm. Dil öyrənmə prosesini daha maraqlı və effektiv etmək üçün müxtəlif oyunlardan, mahnılardan, rollu oyunlardan və interaktiv fəaliyyətlərdən istifadə edirəm. Bu yanaşma şagirdlərin alman dilinə marağını artırır və onların dərsdə fəal iştirakına şərait yaradır.

Hesab edirəm ki, şagird əvvəlcə müəllimi sevməli və ona etibar etməlidir, sonra isə müəllimin tədris etdiyi fənni sevə bilər. Buna görə də dərslərimdə səmimi ünsiyyətə, qarşılıqlı hörmətə və müsbət psixoloji mühitin yaradılmasına xüsusi diqqət yetirirəm. Şagirdlərin fikirlərini sərbəst ifadə etmələrini dəstəkləyir, onları əməkdaşlığa və bir-birinə hörmətlə yanaşmağa təşviq edirəm.

Bu model şagirdlərin dərsə olan münasibətinə müsbət təsir göstərmiş, onların alman dilini öyrənməyə marağını artırmış, həmçinin müəllimlərinə və bir-birlərinə qarşı daha hörmətli və məsuliyyətli davranmalarına kömək etmişdir. Nəticədə sinifdə sağlam əməkdaşlıq mühiti formalaşmış və təlim nəticələri yüksəlmişdir".

Riyaziyyat müəllimi, "Örnək müəllim"  Murad Rəsulzadə bildirlib ki, " Riyaziyyat həyatdadır" adlandırdığı bir model formalaşdırıb:

184417

"Fəaliyyətim ərzində anladım ki, şagirdlərin riyaziyyatdan uzaqlaşmasının əsas səbəblərindən biri budur: "Bu mövzu mənə real həyatda nə üçün lazımdır?" sualına cavab tapa bilmirlər.

Buna görə də mən " Riyaziyyat həyatdadır" adlandırdığım bir model formalaşdırdım. Modelin mahiyyəti sadədir: hər riyazi anlayış mütləq real həyatdan götürülmüş bir problemlə başlayır. Düşünürəm əksər riyaziyyat müəllimləri də bu üsuldan istifadə edir.

Dərsin əvvəlində şagirdlərə birbaşa riyazi düstur deyil, real bir həyati nümunə təqdim edirəm. Məsələn, faizləri öyrədəndə "mağazada endirim necə hesablanır?", həndəsədən sahəyə aid mövzunu öyrədəndə "bu otağı döşəmək üçün neçə kafel lazımdır?" kimi suallarla başlayıram. Şagird əvvəlcə problemi həll etməyə çalışır, sonra həll yolunu ümumiləşdiririk və düstur özü-özünə ortaya çıxır.

Hər bölmənin daxilində bir dərsimizdə şagirdlər kiçik qruplarda real həyat layihəsi hazırlayırlar. Kim bazarda ən sərfəli məhsulu hesablayır, kim ev büdcəsi planlaşdırır, kim isə sinif otağının təmirini "qiymətləndirir". Bu layihələr həm bilikləri möhkəmləndirir, həm də şagirdlər arasında əməkdaşlıq ruhunu gücləndirir.

Nəticədə şagirdlər dərsə fərqli gözlə baxmağa başladılar. "Riyaziyyat çətindir" yox, "riyaziyyat faydalıdır" fikri formalaşdı".

İngilis dili müəllimi, "İlin gənc müəllimi" Aynur Axundova bildilrib ki, ən çox tətbiq etdiyim modellərdən biri tullantı materiallarından müxtəlif oyun və öyrədici vəsaitlərin hazırlanması olub:

184418

"Faliyyətim dövründə dərslərin yalnız nəzəri bilik üzərində qurulmasının kifayət etmədiyini düşünmüşəm. Buna görə də şagirdlərin həm öyrənməyə marağını artırmaq, həm də sosial bacarıqlarını inkişaf etdirmək üçün özümə məxsus fərqli yanaşmalar formalaşdırmışam.

Ən çox tətbiq etdiyim modellərdən biri tullantı materiallarından müxtəlif oyun və öyrədici vəsaitlərin hazırlanması olub. Müxtəlif istifadə olunmuş məişət vəsaitlərindən hazırladığımız oyunları xüsusilə kiçik yaş qruplarında tətbiq etmişəm. Bu üsul uşaqlarda həm böyük maraq oyadıb, həm də dərs mühitində çox pozitiv atmosfer formalaşdırıb. Şagirdlər dərsə daha həvəslə qoşulub, bir-biri ilə əməkdaşlıq etməyə başlayıb və müəllimlə münasibətlərində daha səmimi yanaşma yaranıb. Eyni zamanda uşaqlarda ekoloji düşüncə və yaradıcılıq bacarıqları da inkişaf edib.

Digər tətbiq etdiyim yanaşmalardan biri isə STEAM əsaslı öyrənmənin ingilis dili dərslərinə inteqrasiyası olub. Mən çalışmışam ki, şagirdlər dili yalnız qayda və söz əzbərləməklə deyil, layihələr, araşdırmalar, oyunlar və praktik fəaliyyətlər vasitəsilə öyrənsinlər. Bu yanaşma onların həm dil bacarıqlarını, həm məntiqi düşüncəsini, həm də komanda ilə işləmək qabiliyyətini inkişaf etdirib.

Həmçinin fəaliyyətim dövründə formalaşdırdığım əsas təhsil modeli “əməkdaşlıq və məsuliyyət əsaslı öyrənmə modeli” olub. Bu modelin məqsədi yalnız akademik nəticəni yüksəltmək deyil, həm də şagirdlərin bir-birinə, müəllimə və ümumilikdə məktəb mühitinə münasibətini sağlam şəkildə formalaşdırmaqdır.Bu model həm yuxarı həmdə aşağı yaş qruplarında müsbət nəticə verir.

Modelin əsas xüsusiyyətləri bunlardır:

Şagird mərkəzli yanaşma - dərsdə əsas aktiv tərəf şagird olur, müəllim isə istiqamətləndirici rolunu daşıyır.

Kiçik komanda işi - şagirdlər tapşırıqları birlikdə yerinə yetirir, bir-birini dinləməyi və əməkdaşlıq etməyi öyrənirlər.

Məsuliyyət bölgüsü - hər şagirdə müəyyən rol verilir və o, öz roluna görə cavabdeh olur.

Müsbət motivasiya - tənqid əvəzinə təşviq və inkişaf yönümlü geribildirim tətbiq edilir.

Açıq ünsiyyət mühiti - şagirdlərin fikir bildirməsi, sual verməsi və sərbəst düşünməsi dəstəklənir.

Bu modelin tətbiqi nəticəsində:

şagirdlərin dərsə marağı və iştirak səviyyəsi artıb;

müəllim-şagird münasibətlərində qarşılıqlı hörmət güclənib;

sinif daxilində aqressiv davranışlar azalıb;

şagirdlər arasında yardımlaşma və komanda ruhu formalaşıb;

özünəinamı zəif olan şagirdlər daha aktiv olmağa başlayıblar.

Müşahidələrim göstərdi ki, şagird öyrənmə prosesində aktiv iştirak etdikdə və özünü rahat hiss etdikdə dərsə münasibəti tamamilə dəyişir. Mənim üçün əsas məqsəd yalnız bilik vermək deyil, eyni zamanda özünüifadə edən, araşdıran, əməkdaşlıq etməyi bacaran və dərsə sevgi ilə yanaşan şagird yetişdirməkdir".

İbtidai sinif müəllimi, "Örnək müəllim" Selcan Məmmədzadə mövzu ilə bağlı qeyd edib ki, qavrama səviyyəsi zəif olan şagirdi "pis şagird" adlandırmaq olmaz:

184419

"Müasir təhsil artıq sadəcə “mövzunu keçmək” anlayışı deyil. Bu günün uşaqları ilə əvvəlki nəsli müqayisə etməməliyik. Buna görə də dərslərimdə differensial yanaşma, sosial-emosional öyrənmə, inklüziv təlim, əməkdaşlıq əsaslı fəaliyyətlər, yaradıcı təfəkkür və tənqidi düşünmə metodlarından istifadə edirəm. Psixoloqların uşaq inkişafı ilə bağlı nəzəriyyələrini tədrisimə inteqrasiya edir, hər şagirdin fərdi psixoloji xüsusiyyətini nəzərə alıram. Bəzən sosial şəbəkələrdə bu yanaşmalarıma tənqidi yanaşan həmkarlar da olur. Çünki hələ də müəllimi yalnız ciddi, emosiyasız və sərt görmək istəyən düşüncə mövcuddur.

Halbuki müəllim bəzən psixoloq, bəzən dost, bəzən də səhnədə rolunu yaşayan aktyor olmalıdır. Lazım gələndə yumor işlətməyi, lazım gələndə mimika və səs tonu ilə uşağın diqqətini toplamağı bacarmalıdır. Mənim üçün lövhə bəzən teatr səhnəsinə çevrilir. Çünki düşünürəm ki, hər dərsin sonunda o 45 dəqiqə yalnız zənglə bitməməlidir, könüllərdə iz qoymalıdır. Alqış alıramsa gözlərindəki işığı görürəmsə hə, deməli rol uğurlu alındı. Müəllim rolu o zaman uğurlu alınır ki, bunu daxilən hiss etsin.

Bu üsullarla keçdiyim dərslərlə neçə bulinqin qarşısını almışıq. Xatırlayıram, biz də uşaq olmuşuq, o vaxtı müəllimin hansısa davranışı qəlbimizdə kəpənəklər uçurardı, hansısa davranışı isə döyüntüsündən sanki ağzımızdan çıxan ürəyimizin həyəcanını hiss etdirərdi. Hər şagird bu həyəcanı rahat aşa bilmir. Onlara niyə travma yaradaq axı?! Empatiya müəllimliyin əsas şərtidir. 

Mənim üçün qavrama səviyyəsinin zəif olması uşağın “pis şagird” olması demək deyil. Bəlkə o gələcəyin rəssamı, musiqiçisi,idmançısıdır. Əsas məsələ uşağın özünü kəşf etməsinə kömək etməkdir. Çünki heç kim bu həyata təsadüfən gəlməyib.

Dərs üslubumun ən fərqli tərəfi odur ki, hər bir akademik izahın həyatla bağlanan bir hekayəyə çevirirəm. Heç bir mövzunu sadəcə quru informasiya kimi təqdim etmirəm. Hər anlayışın arxasında bir həyat izi, bir təcrübə, bir hiss, bir insan taleyi görürəm və onu şagirdlərimə elə o formada çatdırıram.

Məhz buna görə də dərs şagirdlər üçün sadəcə öyrənmə prosesi deyil, həm də dinlənilən, hiss edilən və yadda qalan bir hekayə olur. Onlar bu hekayələri sevirlər, çünki bu hekayələr onların öz həyatına toxunur, onların düşüncəsinə yaxın olur və dərsi canlı edir". 

Azərbaycan dili və ədəbiyyat müəllimi, "Örnək müəllim" Elvira Allahverdiyevanın sözlərinə görə, dəyər görən, hörmət hiss edən şagird dərsdə daha fəal olur və müəlliminə qarşı etimad formalaşdırır:

"Fəaliyyətim dövründə formalaşdırdığım və tətbiq etdiyim əsas yanaşmalardan biri “Empatiya əsaslı təlim modeli” olmuşdur. Bu modelin əsas məqsədi şagirdlərin yalnız akademik inkişafını deyil, həm də onların şəxsiyyət kimi formalaşmasını, özlərini təhlükəsiz, dəyərli və qəbul olunmuş hiss etmələrini təmin etməkdir.

Təcrübəmə əsasən, şagirdin dərsə bağlanmasına və fənni sevməsinə ilkin səbəb müəllimin ona yanaşmasıdır. Dəyər görən, hörmət hiss edən şagird dərsdə daha fəal olur və müəlliminə qarşı etimad formalaşdırır. İnanıram ki, fənnini sevərək tədris edən, şagirdi ilə mənəvi bağ quraraq akademik bilik ötürən müəllim uğurlu müəllimdir. Şagird çətinlik çəkdiyi anda müəlliminə güvənəcəyini bildikdə dərsə daha həvəslə yanaşır.

Bu səbəbdən dərslərimdə şagird fikirlərinin sərbəst şəkildə ifadə olunmasına xüsusi önəm verirəm. Mənim üçün sinif elə bir mühit olmalıdır ki, şagird səhv etməkdən qorxmasın, fikrini çəkinmədən söyləyə bilsin və özünü rahat hiss etsin. Çünki hər bir insanın duyulmağa və dəyər görməyə ehtiyacı vardır.

Təlim prosesində layihə əsaslı dərslərə, açıq suallar üzərində qurulan müzakirələrə, qrup əməkdaşlığına və qarşılıqlı qiymətləndirməyə xüsusi yer ayırıram. Şagirdlərin bir-birini daha yaxından tanımaları, empatiya qurmaqları və sağlam münasibətlər formalaşdırmaları üçün onları birlikdə fəaliyyətlərə, təqdimatlara və yaradıcı tapşırıqlara cəlb etməyə çalışıram. Məsələn, dərslərdən birində şagirdlərdən bir-birlərini üç sözlə ifadə etmələrini istəmişdim. Bu fəaliyyət onların həm bir-birlərini daha diqqətlə müşahidə etmələrinə, həm də müsbət xüsusiyyətləri görərək ifadə etmələrinə şərait yaratmışdı.

Şagirdlərarası münasibətlərdə “hörmət dili”nin formalaşdırılması əsas prinsiplərimdən biridir. Hesab edirəm ki, müəllim öz davranışı, səs tonu və ünsiyyəti ilə şagirdlərə nümunə olmalıdır. Konflikt və anlaşılmazlıqlar zamanı cəza üsulundan daha çox söhbət, dinləmə və anlaşma yolunu seçirəm. Müəllimin yalnız nəzarət edən şəxs deyil, həm də istiqamət verən mentor olması düşüncəsini əsas götürürəm.

Xüsusilə özünəinam problemi yaşayan və ya davranışı ilə diqqət çəkən şagirdlərlə fərdi motivasiya üzərində işləməyə çalışıram. Təcrübə göstərir ki, bəzən bir “afərin” sözü, bir qayğıkeş münasibət və ya müəllimin şagirdi görməsi onun daxili dünyasında böyük dəyişiklik yarada bilir. Əksinə, şagirdin hisslərini görməzdən gəlmək və ya onu sinif qarşısında incitmək uşağın müəllimdən uzaqlaşmasına səbəb ola bilər.

Tətbiq etdiyim modelin nəticələri həm davranışda, həm də tədris prosesində özünü göstərmişdir. Şagirdlərin dərsə davamiyyəti və fəallığı artmış, passiv və utancaq şagirdlər daha aktiv olmağa başlamışdır. Sinifdaxili konfliktlər azalmış, şagirdlər bir-birlərinə qarşı daha anlayışlı və hörmətli davranmağa başlamışlar. Müəllim-şagird münasibətlərində qarşılıqlı etimad güclənmiş, valideynlər tərəfindən də uşaqların davranış və ünsiyyətində müsbət dəyişikliklərin olduğu qeyd edilmişdir.

Şagird rəylərinin təhlili də göstərir ki, formalaşdırılan bu mühit onların özlərini daha rahat, motivasiyalı və özgüvənli hiss etmələrinə müsbət təsir göstərmişdir. Şagirdlər dərslərdə yalnız akademik bilik deyil, həm də bir-birini dinləməyi, fikirlərini əsaslandırmağı, empatiya qurmağı və insanlara hörmətlə yanaşmağı öyrəndiklərini qeyd etmişlər.

Hesab edirəm ki, müasir dövrdə müəllimin əsas vəzifəsi yalnız bilik ötürmək deyil, həm də şagirdin özünü dərk edən, empatiyalı, sağlam ünsiyyət qurmağı bacaran və cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşmasına dəstək olmaqdır".

İbtidai sinif müəllimi, "İlin gənc müəllimi" Təranə Nuriyeva qeyd edib ki,  dərslərində ənənəvi izah üsulu ilə kifayətlənmir, şagirdləri layihələrə, tədqiqatlara, oyunlara və yaradıcı fəaliyyətlərə cəlb edir:

184416

"Pedaqoji fəaliyyətim dövründə formalaşdırdığım fərqli yanaşmanı "Təcrübə əsaslı və rəqəmsal əməkdaşlıq modeli" adlandırıram. Bu modelin əsas fəlsəfəsi ondan ibarətdir ki, şagird yalnız dinləməklə deyil, yaşayaraq, tətbiq edərək və təcrübə qazanaraq öyrənməlidir. Mən hesab edirəm ki, uşaq öyrəndiyini həyatında tətbiq edə bilmirsə, həmin bilik uzunmüddətli olmur.

Məhz buna görə dərslərimdə ənənəvi izah üsulu ilə kifayətlənmir, şagirdləri layihələrə, tədqiqatlara, oyunlara və yaradıcı fəaliyyətlərə cəlb edirəm. Uzun illərdir ki, təcrübə əsaslı öyrənmənin tətbiqi ilə məşğulam və bu istiqamətdə müəllimlər üçün xüsusi veb-sayt da yaratmışam. Saytda təcrübə əsaslı öyrənmə ilə bağlı nümunələr, fəaliyyətlər və metodik tövsiyələr paylaşılır.

Bu yanaşmanı həyata keçirmək üçün müxtəlif layihələr reallaşdırmışam. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalibi olan "Mənim Animasiyam" layihəsində şagirdlər dərs mövzularını animasiya şəklində hazırlayaraq həm öyrənən, həm də yaradan tərəfə çevrilirdilər. Bu prosesdə onların yaradıcılıq, təqdimat və rəqəmsal bacarıqları inkişaf edirdi.

2022-ci ildən rəhbərlik etdiyim "İbtidaidən Aliyə" layihəsi isə məktəb və universitet arasında əməkdaşlıq modeli yaratdı. Şagirdlər ali məktəb tələbələri ilə birlikdə dərslərdə iştirak edir, müzakirələr aparır, gələcək təhsil həyatları haqqında daha aydın təsəvvür formalaşdırırlar. Bu layihə şagirdlərdə ünsiyyət, əməkdaşlıq və özünüifadə bacarıqlarını gücləndirib.

Kiçik Akademiya fəaliyyətləri çərçivəsində "Minecraft Education" platformasından istifadə etməklə oyunəsaslı öyrənmə mühiti qurmuşuq. Burada şagirdlər hazır məlumatı qəbul etmir, özləri araşdırır, qurur, səhv edir və nəticə çıxarırlar. Mənim üçün öyrənmənin ən dəyərli hissəsi də məhz budur.

Bu model sinifdə münasibətlərə də müsbət təsir göstərib. Şagirdlər bir-birini rəqib deyil, komanda yoldaşı kimi görməyə başlayıb. "Öyrədərək öyrənirəm" yanaşması ilə güclü şagirdlər zəif öyrənən dostlarına dəstək olur, qarşılıqlı hörmət və əməkdaşlıq mühiti formalaşır. Nəticədə şagirdlərin həm dərsə marağı artır, həm müəllimə olan etimadı güclənir, həm də sinifdə sağlam sosial münasibətlər yaranır.

Mənim müəllim kimi məqsədim sadəcə mövzunu öyrətmək deyil, düşünən, araşdıran, əməkdaşlıq edən və öyrəndiyini real həyatda tətbiq edə bilən şəxsiyyət formalaşdırmaqdır. Bu səbəbdən fəaliyyətimin əsasını təcrübə əsaslı öyrənmə, rəqəmsal texnologiyalar və şagirdyönümlü pedaqoji yanaşma təşkil edir".

Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var
Son xəbərlərDaha çox