Azedu.az

“Həftənin təhsil icmalı” - Sertifikasiyada yeni təkliflər, dəyişən imtahan tarixləri və etirazlar...

Maraqlı

25 May 2026, 11:35
“Həftənin təhsil icmalı” - Sertifikasiyada yeni təkliflər, dəyişən imtahan tarixləri və etirazlar...

Təhsil daim yenilənən, inkişaf edən və cəmiyyətin ən çox müzakirə olunan sahələrindən biridir. Bu sahədə baş verən hər bir hadisə, qəbul edilən qərar və səsləndirilən fikir müəllimlərdən şagirdlərə, valideynlərdən abituriyentlərə qədər geniş auditoriyanın diqqət mərkəzində olur.

Azərbaycanda təhsil gündəmi ötən həftə də bir sıra diqqətçəkən hadisələr, mühüm açıqlamalar və ictimai müzakirələrlə yadda qaldı.

Məhz bu məqamları oxucuların diqqətində saxlamaq, həftə ərzində baş verən əsas hadisələri bir araya toplamaq məqsədilə AzEdu.az “Həftənin təhsil icmalı” rubrikasına start verir.

Rubrikada həftənin ən çox müzakirə olunan təhsil xəbərləri, rezonans doğuran açıqlamalar və gündəmdə qalan mövzular təqdim olunacaq.

Bəs ötən həftə təhsil sahəsində hansı hadisələr gündəmə damğa vurdu?

Ötən həftə təhsil gündəmini magistratura imtahanı verən bakalavr və digər namizədlərin etirazları zəbt etdi. Mayın 17-də keçirilən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı gözlənilməz hava şəraiti və şəhərdə təşkil olunan WUF13 tədbiri ilə əlaqədar yaranan sıxlıq səbəbindən bir çox namizəd üçün çətinliklərlə yadda qaldı. Güclü yağış və bəzi yolların bağlanması nəticəsində paytaxtın müxtəlif istiqamətlərində ciddi tıxaclar yarandı, bu da imtahana gedən bakalavrların imtahan mərkəzlərinə vaxtında çatmasına mane oldu.

II cəhd üzrə imtahana 23 086 bakalavr qeydiyyatdan keçsə də, onlardan yalnız 17 912 nəfər imtahanda iştirak edə bildi. 5 174 nəfərin imtahana qatıla bilməməsi kifayət qədər ciddi statistika hesab olunur və yaranan vəziyyətin miqyasını açıq şəkildə göstərir. İmtahanda iştirak edən namizədlər isə yağışlı hava şəraiti, gecikmə riski və yaranan gərginlik səbəbindən stresli atmosferdə imtahan verməli oldular. Bu amillərin onların nəticələrinə təsir göstərəcəyi ilə bağlı fikirlər səsləndirildi.

Kütləvi narazılıqlardan sonra Dövlət İmtahan Mərkəzi məsələyə münasibət bildirərək 17 may tarixində keçirilən magistratura imtahanına qeydiyyatdan keçən şəxslər üçün iyunun 14-də yenidən imtahan təşkil olunacağını açıqladı. Beləliklə, imtahanda iştirak edə bilməyən 5 174 nəfər heç bir əlavə ödəniş etmədən yenidən imtahan vermək imkanı əldə edəcək. İmtahanda iştirak edən 17 912 nəfər isə üçüncü dəfə öz şanslarını sınaya biləcəklər.

Bundan əlavə, həmin tarixdə keçirilən ümumi (9 illik) orta təhsil bazasında təşkil olunan müxtəlif təyinatlı imtahanların vaxtı da dəyişdirilib. Sözügedən imtahanların iyunun 21-də yenidən keçirilməsi planlaşdırılır.

Ötən həftənin ən çox müzakirə olunan açıqlamalarından biri isə Xalq yazıçısı, Kamal Abdulla tərəfindən səsləndirildi. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru olan Kamal Abdullanın verdiyi müsahibədə qadınların cəmiyyətdəki rolu ilə bağlı fikirləri qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurdu və ciddi müzakirələrə səbəb oldu.

Müsahibə zamanı ona “savadsız qadınla ailə qurmağın daha rahat olduğunu düşünən kişilər” barədə verilən suala cavab olaraq rektor qadının əsas rolunun ailə və övlad tərbiyəsi ilə bağlı olduğunu vurğulayıb, qadınların əsasən evdə olub uşaqları ilə məşğul olmasının cəmiyyət üçün daha faydalı ola biləcəyini bildirib.

Bu fikirlər isə xüsusilə sosial şəbəkələrdə və təhsil ictimaiyyəti arasında kəskin tənqidlərlə qarşılandı. Bir çox istifadəçi və ictimai fəal bu yanaşmanın müasir dövrün reallıqları ilə uzlaşmadığını, qadınların təhsildə, elmdə və ictimai həyatda rolunun kölgəyə salındığını qeyd etdi.

Yaranan reaksiyalardan sonra Kamal Abdulla əlavə açıqlama verərək fikirlərinin kontekstdən çıxarıldığını bildirdi. O qeyd etdi ki, qadınların cəmiyyətin müxtəlif sahələrində uğur qazanmasını hər zaman normal və dəyərli hesab edib, Azərbaycan qadınına münasibəti isə yaradıcılığında və fəaliyyətində daim öz əksini tapıb.

Buna baxmayaraq, səsləndirilən fikirlər ötən həftə təhsil və cəmiyyət gündəminin ən çox danışılan mövzularından birinə çevrildi.

Ötən həftənin təkcə təhsil deyil, ümumilikdə həm yerli, həm də beynəlxalq medianın gündəmində Bakıda keçirilən WUF13 oldu. 17-22 may tarixlərində Bakıda BMT-nin İnsan Məskunlaşması Proqramının təşkilatçılığı ilə keçirilən Dünya Şəhərsalma Forumu şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələləri üzrə qlobal müzakirələrin mərkəzinə çevrildi. Yerli media nümayəndələri tədbir boyunca aktiv fəaliyyət göstərərək gündəlik yüzlərlə xəbər və analitik material hazırladı.

Tədbirin təşkilati və informasiya axınının uğurla təmin olunmasında Azərbaycan universitetlərindən cəlb edilən yüzlərlə könüllünün rolu xüsusi qeyd olunmalıdır. Onlar qeydiyyat, qonaqların istiqamətləndirilməsi, məlumatlandırma, tərcümə dəstəyi və ümumi koordinasiya işlərində fəal iştirak edərək forumun rahat və səmərəli şəkildə keçirilməsinə böyük töhfə verdilər. Gənclərin bu prosesdə iştirakı həm onların təcrübə qazanmasına, həm də beynəlxalq miqyaslı tədbirin yüksək səviyyədə təşkilinə mühüm dəstək oldu.

Forum çərçivəsində həmçinin ölkənin müxtəlif ali təhsil müəssisələrinə məxsus stendlər quruldu. Bu stendlər vasitəsilə xarici ölkələrdən gələn iştirakçılar Azərbaycan universitetləri ilə tanış olur, təhsil proqramları, ixtisaslar və beynəlxalq imkanlar barədə ətraflı məlumat əldə edirdilər. Nəticə etibarilə WUF13 Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq auditoriyaya özünü daha effektiv şəkildə tanıtması və qlobal akademik mühitdə görünürlüğünü artırması baxımından mühüm platforma rolunu oynadı.

Ötən həftə AzEdu.az tərəfindən keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesi və mövcud qaydalarla bağlı kəmiyyət sorğusunun nəticələri açıqlandı. Sorğunun əsas məqsədi sertifikasiyaya cəlb olunan müəllimlərin bu prosesə dair gözləntilərini, görmək istədikləri yenilikləri və onları narahat edən məsələləri öyrənmək olub.

Sorğunun nəticələrinə əsasən, müəllimlərin ən çox diqqət yetirdiyi məsələ sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələrinin əməkhaqqı artımında nəzərə alınmasıdır. İştirakçıların fikrincə, bu mərhələdə əldə olunan nəticələr yalnız formal qiymətləndirmə kimi qalmamalı, maddi stimullaşdırmada da öz əksini tapmalıdır.

İkinci ən çox vurğulanan məqam isə əməkhaqqı artımının yalnız müəyyən keçid balına bağlanmaması, əksinə daha ədalətli və diferensial yanaşma əsasında tətbiq edilməsidir.

Sorğuda müəllimlər tərəfindən maraqlı təkliflər də irəli sürülüb. Bəzi iştirakçılar müsahibə mərhələsinin ümumiyyətlə ləğv edilməsini, kurikulum suallarının isə sertifikatlaşdırma prosesindən çıxarılmasını təklif ediblər. Eyni zamanda, bir dəfə sertifikasiyadan uğurla keçən müəllimlərin gələcək mərhələlərdə könüllü iştirak etməsi kimi yanaşmalar da müəllimlər tərəfindən gündəmə gətirilib. Bu nəticələr ümumilikdə müəllimlərin sertifikatlaşdırma prosesinə daha çevik, şəffaf və ədalətli yanaşma gözləntilərini ortaya qoyur.

Ötən həftə Naxçıvanda təhsil gündəmini zəbt edən əsas mövzulardan biri təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı yaranan texniki problem oldu. 2, 3, 10 və 11 may tarixlərində keçirilən ikinci dövriyyə üzrə test imtahanlarının nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilsə də, sonradan bəzi nəticələrdə dəyişiklik edildiyi məlum olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məlumatına görə, 11 may tarixində keçirilən Gənclərin Çağırışaqədərki Hərbi Rəhbər vəzifəsi üzrə test imtahanında qiymətləndirmə zamanı proqram təminatında texniki xəta baş verib. Belə ki, 4 sual üzrə səhvən 1 bal əvəzinə 2 bal hesablanıb və bu da bəzi müəllimlərin nəticələrində fərqlərin yaranmasına səbəb olub.

Məsələ ilə bağlı müəllimlərin müraciət etməsi üçün portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi vasitəsilə müraciət imkanları təqdim edilib.

Ötən bazar günü bütün təhsil ictimaiyyəti, xüsusilə də ali məktəblərə hazırlaşan abituriyentlər üçün ən vacib günlərdən biri kimi yadda qaldı. Belə ki, 24 may tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdi keçirildi.

Təxminən 57 minə yaxın abituriyentin iştirak etdiyi imtahan ölkə üzrə müxtəlif imtahan mərkəzlərində təşkil olundu. Ümumilikdə imtahan prosesi ilə bağlı ciddi narazılıqlar qeydə alınmadı və bir çox iştirakçı imtahanın nisbətən normal keçdiyini bildirdi.

Bununla belə, imtahanın real nəticələri və ümumi qiymətləndirmənin necə olacağı yalnız təxminən üç həftə sonra nəticələr açıqlanandan sonra tam aydın olacaq. 

Rusiyadan HƏYASIZLIQ - Azərbaycana şok zərbə endirdi
Son xəbərlərDaha çox