Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-22 14:55:00
Gənc ibtidai sinif müəlliminin "uğur hekayəsi"

AzEdu.az Təhsil Nazirliyinin 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə ibtidai sinif müəllimliyi üzrə 45 bal toplayaraq Masallı rayon Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbə işə qəbul olmuş Gövhərxanım Mirzəzadənin “uğur hekayəsi”ni təqdim edir:

"Kiçik yaşlarımdan müəllim olmaq istəmişəm. Bəlkə də kənardan çox klassik arzu kimi görünür. Amma hələ ibtidai sinifdən müəllimimin öyrətdiyi bilikləri, etdiyi hərəkətləri sanki bir gün tətbiq edəcəyəm kimi yadımda saxlayırdım. Getdikcə özümü müəllimlikdən başqa digər sahədə təsəvvür edə bilmirdim. Təhsilimin hər pilləsində bu peşəyə olan sevgim daha da artırdı. Amma nədənsə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanacağıma elə də inamım yox idi. Guya müsabiqə şəffaf keçirilmir, imtahan nəticəsinə üstünlük verilmir və s. tipli şayiələr inamımı sarsıtmışdı. Televiziyada gördüyüm "El bilir ki, sən müəllimsən" videoçarxı imtahana iki həftə qalmış məni ruhlandırdı və səylə çalışmağa başladım. Arzusunda olduğum peşəyə yiyələnmək üçün ilk addımımı atdım və 2017-ci ildə müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət etdim. İmtahanda 45 bal topladım. Qısa müddətdə qazandığım nəticə məni qane etdi. Lakin vakansiya seçimi mərhələsində uğur qazana bilmədim.

Həmin imtahan nəticəsi ilə 2018-ci ildə keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etdim və uğur qazanaraq Masallı rayon Yeddioymaq kənd R.Əzizov adına 1 nömrəli tam orta məktəbə elektron yerləşdim.

Məqsədimə çatmaq üçün bircə addım qalmışdı – müsahibə mərhələsi. Bu mərhələdə də uğur qazandım. Müsabiqə ilə bağlı yayılan bütün şayiələr əsassız idi. Şahidi oldum ki, müəllim olmaq üçün əsas yalnız imtahan nəticəsidir.
Məktəbdəki ilk günümü ömrüm boyu unuda bilmərəm. Mehriban, gülərüz kollektiv, səbirsizliklə yeni biliklər əldə etmək üçün müəllimlərini gözləyən şagirdlərin gözlərindəki sevinc qığılcımları məni çox sevindirdi.
Müəllim olduqdan sonra anladım ki, müəllim olmaq təkcə dərs demək deyil, həm də uşaqlarla ailə olmaqdır, vaxtını və gününü dəyərli keçirməkdir".