Azedu.az

Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub

Məktəblər

16 Aprel 2026, 15:45
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub

Danimarkada məktəblərdə radikal qərar tətbiq olunub: dərs saatlarında mobil telefon və planşet istifadəsi qadağan edilib. Şagirdlər günə cihazlarını kilidli qutulara yerləşdirməklə başlayırlar.

AzEdu.az xəbər verir ki, bu dəyişiklik təkcə qadağa ilə məhdudlaşmır. Son 10 ildə təhsilin böyük ölçüdə rəqəmsallaşdığı ölkədə kağız, qələm və ənənəvi dərsliklər yenidən siniflərə qaytarılıb.

Müəllimlər bildirirlər ki, şagirdlər ekran qarşısında dərs keçərkən diqqəti cəmləməkdə çətinlik çəkir, dərs zamanı başqa tətbiqlərə keçərək diqqətdən yayınırlar. Buna görə də kompüter istifadəsi də məhdudlaşdırılıb və nəzarət altına alınıb.

Şagirdlər isə bu dəyişiklikdən əsasən məmnundurlar. Onların sözlərinə görə, ekran qarşısında keçirdikləri vaxtın azalması oxuma və yazmaya marağı artırır və dərslərdə balans yaradır.

Qərarın arxasında isə narahatedici statistika dayanır. Uşaq Rifahı Komissiyasının məlumatına görə, 13–18 yaş arası gənclər gündə orta hesabla 5,5 saat telefonda vaxt keçirir ki, bu da onların psixi sağlamlığına mənfi təsir göstərir. 

Yeni yanaşma yalnız məktəblərlə məhdudlaşmır. Gənclər mərkəzlərində və idman klublarında da telefon istifadəsinə ciddi məhdudiyyətlər tətbiq olunur. Məşqçilər hesab edirlər ki, telefonlar həm diqqəti yayındırır, həm də komanda daxilində sosial əlaqələrə mənfi təsir göstərir.

Danimarkada bu istiqamətdə ictimai təşəbbüslər də genişlənir. Hər il minlərlə gəncə dəstək verilir və ölkə üzrə “telefonsuz gün” aksiyaları təşkil edilir. Bu il keçirilən tədbirlərə əhalinin 10 faizi qatılıb və iştirakçıların dörddə biri telefon istifadəsi ilə bağlı vərdişlərini dəyişdirdiyini bildirib.

Bundan əlavə, rəqəmsal sağlamlıq üzrə ekspert İmran Raşitin rəhbərlik etdiyi vətəndaş təşəbbüsü 15 yaşdan kiçik uşaqlar üçün "TikTok", "Instagram" və "Snapchat" kimi sosial şəbəkələrin qadağan olunması tələbi ilə 50 mindən çox imza toplayıb. Təklif hələ parlamentdə səsverməyə çıxarılmayıb.

Qeyd edək ki, Avropa Parlamenti də artıq 16 yaşdan aşağı istifadəçilər üçün sosial media məhdudiyyətlərini dəstəkləyir.

Mütəxəssislər hesab edirlər ki, Danimarkanın bu addımı digər ölkələr üçün də nümunə ola bilər və rəqəmsal balansın qorunması istiqamətində yeni mərhələnin başlanğıcıdır.

Türkiyədə müharibə hazırlığı başladı - Orduya əmr verildi
Son xəbərlərDaha çox