“Məktəb hücumları, Kahramanmaraş və Şanlıurfada baş verən hadisələr, eləcə də Azərbaycanda və dünyada artan bu təhlükəli tendensiya təsadüfi deyil".
AzEdu.az xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev qeyd edib.
"Sosial şəbəkələrdə və vatsap tipli platformalarda uzun müddətdir “Kolumbayn” adlı qapalı icmalar fəaliyyət göstərir və onlar azyaşlıları cinayətə sövq edirlər. Bu qruplara qoşulanların əksəriyyəti məktəblərdə bullinqə məruz qalan, psixoloji sarsıntı keçirən uşaqlardır. Onlar qisas hissi ilə ağır cinayətlərə yönləndirilir və “səni əzəni öldür” kimi təhlükəli ideyalar təbliğ olunur.”
“Dünya psixoloqları və həkimləri sosial şəbəkələrin uşaqlar və gənclər üzərində yaratdığı fəsadlarla bağlı ciddi xəbərdarlıqlar edir. Artıq ‘həyəcanlı nəsil’ anlayışı formalaşıb. Cənubi Koreyada isə ‘rəqəmsal kəmağıllıq’ adlandırılan yeni bir problemdən danışılır. İnformasiya texnologiyalarından həddindən artıq istifadə nəticəsində uşaqlarda idrak qabiliyyətinin zəifləməsi müşahidə olunur.”
“Bu səbəbdən bir çox ölkələrdə internet və smartfon istifadəsi ilə bağlı məhdudlaşdırıcı addımlar müzakirə olunur. Uşaqlara yuxarı siniflərə qədər smartfon verilməməsi, 16 yaşına qədər sosial şəbəkələrdən uzaq tutulması, məktəblərdə telefonların qadağan edilməsi və daha çox sərbəst oyun imkanlarının yaradılması vacibdir.
Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən faciəli hadisələr bizi dərindən kədərləndirir. Qardaş Türkiyəyə başsağlığı verirəm.”