Kahramanmaraşda orta məktəbdə baş verən hadisə zamanı riyaziyyat müəllimi Ayla Kara şagirdlərini qorumağa çalışarkən həyatını itirib.
AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, 8-ci sinif şagirdi tərəfindən törədilən silahlı hücum nəticəsində 1 müəllim və 8 şagird həyatını itirib.
Hadisə zamanı Ayla Karanın şagirdlərini qorumaq üçün onların qarşısında sipər olduğu və bu zaman həyatını itirdiyi bildirilib.
Şahidlərin sözlərinə görə, müəllimə şagirdlərini güllələrdən qorumaq üçün onların üzərinə qapanıb. Bu fakt hadisənin təsirini daha da artırıb.
Ayla Karanın həyatını itirməsi təhsil ictimaiyyətində dərin kədərə səbəb olub. Onun həmkarları və şagirdləri tərəfindən sevilən müəllim olduğu qeyd edilir.
Eyni zamanda, müəllimənin ölüm xəbəri ailəsinə də ağır təsir edib. Bildirilir ki, acı xəbəri alan həyat yoldaşı ürək tutması keçirib.