Azedu.az

Təhsildə ayrı-seçkilik: “İdman dərsi bəzən fizika və kimyadan daha vacibdir”

Müəllimlər və elm adamları

13 Aprel 2026, 11:23
Təhsildə ayrı-seçkilik: “İdman dərsi bəzən fizika və kimyadan daha vacibdir”

"Bəzən elə olur ki, idman dərsi fizika, kimya və ya biologiya dərsindən daha əhəmiyyətli ola bilir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.

Rəqəmsallaşmada məktəblər hələ gecikir - “Müəllimlərin İKT bacarıqları kritikdir”

“Bəzi insanlar düşünür ki, “asan” və “çətin” fənlər, yaxud “asan” və “çətin” müəllimlik anlayışı var. Mən isə bu fikirlə razı deyiləm. Hesab edirəm ki, dünyanın heç bir yerində belə bir yanaşma yoxdur ki, “çətin” hesab olunan fənlərin müəllimləri fərqli, “asan” fənlərin müəllimləri isə başqa maaş alsın. Müəllimlik müəllimlikdir. Əmək də eyni əməkdir, zəhmət də eyni zəhmətdir.

Siz eyni sayda şagirdə nəyisə öyrətməyə çalışırsınız. Öyrətdiyiniz mövzunun imtahanda düşüb-düşməməsi isə o qədər də önəmli deyil. Əsas məqsədimiz həyati bacarıqlar aşılamaqdır. Bəzən elə olur ki, idman dərsi fizika, kimya və ya biologiya dərsindən daha əhəmiyyətli ola bilir”.

Fənləri “əhəmiyyətli” və “əhəmiyyətsiz” deyə təsnif etmək yanlışdır; bu sahələrdə müəllimlərin şagirdləri inkişaf etdirməsi ən az digər sahələr qədər vacibdir:

“Biz Yaradıcı Məktəblər kitabının müəllifi Ken Robinsonun əsərində və eyni zamanda TEDx çıxışında öyrənirik ki, “əhəmiyyətli fənlər” və “əhəmiyyətsiz fənlər” kimi apardığımız bu klassifikasiya, bu təsnifat əslində yanlışdır. Yaradıcılıq digər fənlər qədər, digər akademik bacarıqlar qədər önəmlidir. Musiqi, texnologiya və fiziki tərbiyə də yaddaşın və təfəkkürün ənənəvi olmayan sahələrinə yönəlir.

Ona görə də bu sahələrdə müəllimlərin şagirdləri inkişaf etdirməsi çox vacibdir və ən az digər sahələr qədər əhəmiyyət daşıyır. Bu baxımdan müəllimliyin həmin istiqamətlərini daha aşağı qiymətləndirmək düzgün deyil. “Daha az analitik yük tələb edir” kimi yanaşma onu daha az əhəmiyyətli etmir.

Bu səbəbdən bəzən kimya müəllimləri idman müəllimlərinə, fizika müəllimləri rəsm müəllimlərinə həsəd apara bilər, bu, tamamilə təbii bir prosesdir. Eyni şəkildə, bəzən də əksinə olur: rəsm müəllimləri fizika müəllimlərinə həsəd aparır. Çünki bəzi hallarda şagirdlər tərəfindən müəyyən fənlərə maraq daha çox olur, digərlərinə isə o qədər də çox olmur.

Yəni insanların bir-birinə müəyyən mənada həsəd və ya qibtə ilə baxması tamamilə təbii bir prosesdir. Onsuz da dünyada heç kim öz halından tam razı deyil; hər kəs kiməsə baxır, öz vəziyyətini onunla müqayisə edib “kaş elə olardım” deyir. Halbuki həmin insan da bəlkə heyranlıq və ya qibtə ilə baxdığı başqa birinə həsəd aparır. Yəni birinin şikayət etdiyi məsələ, əslində, başqasının qibtə etdiyi məsələ ola bilər.

Bu baxımdan diferensial əməkhaqqı yanaşması tamamilə ədalətsiz və absurd görünür. Kim belə bir təklif irəli sürürsə, mən buna qarşıyam. Dünyada da bu cür bir təcrübəyə rast gəlməmişəm. Ümumiyyətlə, belə bir sistem tətbiq olunsa belə, ədalət pozulacağı üçün burada balans və obyektivlikdən danışmaq mümkün olmaz. Bu halda balans da, obyektivlik də qaçılmaz şəkildə zərər görər”.

İrana dəhşətli hücum başlayır: Ordu hazır vəziyyətə gətirildi
Son xəbərlərDaha çox