Azedu.az

Şəki liseyində rekord nəticə: bir sinfin bütün şagirdləri müsabiqədə UĞUR QAZANDI 

Şəki-Zaqatala

7 Aprel 2026, 17:28
Şəki liseyində rekord nəticə: bir sinfin bütün şagirdləri müsabiqədə UĞUR QAZANDI 

Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyinin VI “A” sinfində təhsil alan bütün şagirdlər Respublika fənn müsabiqəsinin növbəti turuna vəsiqə qazanıblar.

Belə ki, həmin sinifdə təhsil alan 24 nəfər şagirddən 24-ü də RFM-in növbəti turunda iştirak edəcək.

AzEdu.az-a danışan liseyin direktoru Elmir Məmmədəliyev bildirib ki, bu nəticə təsadüfi deyil, uzun illərdir formalaşdırılmış sistemli işin nəticəsidir.

Onun sözlərinə görə, lisey cəmi 6 ildir fəaliyyət göstərsə də, son 5 ildə fənn müsabiqələrində ciddi uğurlar əldə olunub və bu uğurlar sadə, lakin praktik yanaşmalara əsaslanır:

180870“Bizim yanaşmamız ondan ibarətdir ki, hər il sentyabrın 15-dən etibarən yeni qəbul olunmuş 6-cı sinif şagirdləri əvvəlcə lisey mühitinə uyğunlaşır, fənlərlə tanış olur, müəllimlərlə ünsiyyət qururlar. Bu adaptasiya mərhələsi ən azı iki həftə davam edir. Sentyabrın sonlarından etibarən artıq şagirdlər Respublika fənn müsabiqələri barədə məlumatlandırılır və qeydiyyat prosesi başlayır. Hər bir fənn müəllimi öz sahəsi üzrə şagirdlərə müsabiqələrin əhəmiyyəti, gələcək Respublika fənn olimpiadalarına gedən yolda rolu və onların təhsil həyatına verəcəyi töhfələr barədə ətraflı məlumat verir”.

O bildirib ki, liseydə bu prosesdə əsas fərqləndirici məqam ondan ibarətdir ki, heç bir ilkin seçmə aparılmır:

“Biz şagirdlər arasında seçim etmirik. Kim istəyirsə, kimdə maraq varsa, hamısı bu hazırlıq prosesinə qoşula bilər. Hazırlıq dərsləri həftədə 2-3 dəfə həm əyani, həm də onlayn formatda təşkil olunur. Direktor xüsusilə vurğulayıb ki, bu proses müəllimlərin fədakarlığı hesabına həyata keçirilir. Müəllimlərimiz bu hazırlığı tam təmənnasız şəkildə, dərsdənkənar vaxtlarında, öz şəxsi vaxtları hesabına həyata keçirirlər. Bu, çox böyük fədakarlıqdır və həm valideynlər, həm də məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”.

Motivasiya məsələsinə toxunan direktor bildirib ki, şagirdlərin uğura inamını qorumaq üçün müxtəlif üsullardan istifadə olunur. Onlara liseyin əvvəlki məzunlarının nailiyyətləri, təhsilin onların həyatında oynadığı rol, eləcə də ümumilikdə təhsilin əhəmiyyəti mütəmadi şəkildə izah edilir. Eyni zamanda şagird-müəllim-valideyn əməkdaşlığının gücləndirilməsi əsas prioritetlərdən biridir. “Şagirdlərə əvvəlcədən konkret hədəflər göstərilir və həmin hədəflərə gedən yolda onlara hərtərəfli dəstək verilir”.

Direktor qeyd edib ki, şagirdlərin əldə etdiyi hər bir nailiyyət məktəb tərəfindən ictimailəşdirilir:

“Onların uğurları sosial şəbəkələrdə paylaşılır, şərəf lövhələrində nümayiş etdirilir, müxtəlif sertifikatlar və hədiyyələrlə təltif olunurlar. Bu da onların motivasiyasını artırır. Bununla yanaşı, uğur əldə edə bilməyən şagirdlər də diqqətdən kənarda qalmır. Biz onlara izah edirik ki, bu prosesdə iştirakın özü belə böyük təcrübədir. Onlar uduzmurlar, əksinə, daha da inkişaf edirlər. Məktəbdə elə bir mühit formalaşdırmışıq ki, nəticədən asılı olmayaraq şagirdə münasibət dəyişmir”.

Elmir Məmmədəliyev liseyə qəbul prosesindən də danışıb. Onun sözlərinə görə, qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirilir və hər il yüzlərlə şagird arasından ən istedadlıları seçilir. Təxminən 800-1000 şagird imtahanda iştirak edir, onlardan 70-80 nəfər qəbul olunur. Bu da artıq ilkin mərhələdə istedadlı şagirdlərin seçilməsi deməkdir. Qəbuldan sonra isə şagirdlər nəticələrinə uyğun olaraq siniflərə bölünür və bu, daha sağlam rəqabət mühiti yaradır.

Müxtəlif sahələrdə istedadı olan şagirdlər müəllimlər və psixoloqlar tərəfindən izlənilir, onlara fərdi istiqamətlər verilir. Bu proses davamlı nəzarət və qiymətləndirmə ilə müşayiət olunur. Məktəbdaxili sınaqlar, müəllimlərin qiymətləndirmələri, regional və respublika səviyyəli imtahanların nəticələri daim təhlil edilir.

Valideynlərin rolu barədə danışan direktor onların bu prosesdə mühüm yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, valideynlər ilkin mərhələdə bu müsabiqələr barədə tam məlumatlı olmasalar da, maarifləndirmə işləri nəticəsində fəal dəstəkçi olurlar. Valideynlər övladlarının inkişafında yaxından iştirak edir və bu da nəticələrə müsbət təsir göstərir”,- deyə o əlavə edib.

Statistik göstəricilərə toxunan direktor qeyd edib ki, son 5 ildə lisey böyük uğurlar əldə edib:

“Liseyimiz son beş ildə 53 Respublika fənn olimpiadası və 49 Respublika fənn müsabiqəsi medalı qazanıb. Ümumilikdə 102 medal əldə olunub. Nəzərə alsaq ki, liseydə cəmi 384 şagird təhsil alır, bu, çox yüksək göstəricidir.

Lisey məzunlarının 100%-i ali təhsil müəssisələrinə qəbul olunur və bir çoxu nüfuzlu yerli və xarici universitetlərdə təhsil alır.

Motivasiya gözəldir, amma keçicidir. Əsas olan intizam və sistemdir. Biz liseydə davamlı və işlək bir sistem qurmuşuq və bu sistem müəllim, şagird və valideyn əməkdaşlığı ilə işləyir. Uğurun davamlılığı da məhz buradan qaynaqlanır”.

Bu gecə İranı məhv edəcəklər! - Molla rejiminə SƏRT MESAJ
Son xəbərlərDaha çox