Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 20:36:00
Azərbaycan İlahiyyat İnstitutu ilk fəxri doktor diplomunu təqdim etdi

Bu gün Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “29 Mayıs” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulaca bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim edilib. Aİİ-dən AzEdu.az-a bildirilib ki, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.

O, dövlətimizin başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Aİİ-nin ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin Aİİ-nin strukturuna daxil edildiyini bildirib. Rektor iki qardaş ölkə arasında din sahəsində qarşılıqlı əlaqələrin inkişafında Təyyar Altıkulacın böyük xidmətlərini diqqətə çatdırıb, həmçinin Türkiyəyə səfərindən, orada keçirilən işgüzar və səmərəli görüşlərdən bəhs edib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Aİİ-nin yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir. G.İsmayılov Aİİ-nin ilk fəxri doktorunun məhz Təyyar Altıkulacın seçilməsinin təsadüfi olmadığını qeyd edib.

 

Sonra Təyyar Altıkulaca Azərbaycan ilahiyyat elminin inkişafında və Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Aİİ-nin fəxri doktoru diplomu təqdim edilib.

 

Azərbaycanın uğurları ilə hər zaman fəxr etdiyini deyən Təyyar Altıkulac göstərilən diqqət və qayğıdan, etimaddan qürur duyduğunu bildirib. O, ilahiyyat fakültəsinin formalaşmasında 26 illik zəhmətini mərasim iştirakçılarının nəzərinə çatdırıb. T.Altıkulac ilahiyyat fakültəsinin daha da inkişaf edərək institut kimi fəaliyyət göstərməsindən və ilk fəxri doktor diplomunun məhz ona təqdim edilməsindən şərəf duyduğunu söyləyib.

 

Bakı Dövlət Universitetinin ərəb dili filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev hazırda ilahiyyat sahəsində layiqli şəxsiyyətlərin yetişməsində, onların düzgün formalaşmasında 26 illik fəaliyyətinin olduğunu qeyd edib. Akademik vurğulayıb ki, hər zaman Azərbaycanın yanında olan qardaş və dost Türkiyənin bu istiqamətdə xidmətləri böyükdür. İnstitut Azərbaycan ilahiyyat elminə layiqli töhfələr verəcək.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə müşaviri Kamil Günəş Təyyar Altıkulacı fəxri doktor adı alması münasibətilə təbrik edib, ona bu şərəfli yolda nailiyyətlər arzulayıb.

 

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu çıxışında ilahiyyat sahəsində indiyə kimi görülən işlərin nəticəsini yüksək dəyərləndirib.

 

Mərasimin sonunda Təyyar Altıkulac ali təhsil müəssisəsində yaradılan şəraiti yüksək qiymətləndirib, institutun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.