Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-08 11:30:24
“Burada 500 avro təqaüd də almaq olar” – Azərbaycanın “Ulduz”dakı tələbəsi  

Son illər gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb. 

Gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, onlar qərarlarından tam  əmin ola bilmirlər.

 

Gənclərin bu kimi suallarını cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.

Türkiyənin Yıldız Texniki Universitetində təhsil alan Sərxan Məmmədov bu mövzu ilə bağlı zəruri bilgilərini bizimlə bölüşüb.

Sərxan Məmmədov hazırda Türkiyədə iqtisadiyyat və inzibati elmlər fakültəsi üzrə bakalavr pilləsində təhsil alır.

Öncə, universitet haqqında ümumi məlumat:

Yıldız Texniki Universiteti Türkiyənin nüfuzlu dövlət ali təhsil müəssisələrindən biridir. Burada xüsusilə iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verilir. Universitetin  əsası 1911-ci ildə qoyulub.

Yaxşısı budur, universitet haqqında  Sərxanın özü bizə məlumat versin.  Onun sözlərinə görə universitetin hər fakültə binasında ən azı 1 kitabxana və tələbələr üçün oxu zalı var:

“Yıldız  Texniki  Universitet  mühəndislik üzrə Türkiyənin 3 ən böyük  ali təhsil müəssisələrindən biridir.  Universitetdə tələbələrin sosial və elmi biliklərini genişləndirmək üçün hər cür şərait  yaradılıb.

Məşhur şəxslər hər ay universitetə gələrək öz uğur hekayələrini tələbələrlə bölüşürlər. Bunlardan əlavə universitetin daxilində futbol, basketbol, tennis, fitnes zalları var ki,  qiyməti tələbələr üçün əlverişlidir.  Universitetin hər fakültə binasında ən azı 1 kitabxana və tələbələr üçün oxu zalı var. Tələbələr buradakı kitabxanalardan günün 24 saatı yararlana bilərlər”.

Onun sözlərinə görə, universitetin yeməkxanasında tələbələr üçün olduqca ucuz və dadlı yeməklər təklif edilir:

 “Yıldız Texniki Universitetinin üstünlüyü ondan ibarətdir ki, burada təhsil almaqla çoxlu sayda əcnəbi tələbələri tanımaq şansınız olur.

Universitetə hər il  Fransa, İtaliya, İspaniya,  Almaniyadan gələn tələbələrinin sayı artmaqdadır. Onu da qeyd edim ki, burada təhsil alan azərbaycanlı tələbələrin də sayı çoxdur. Universitetdə Erasmus  proqramı var ki, bunun nəticəsində  tələbələr istədikləri ölkəyə gedərək bir il oxumaq şansı əldə edirlər.

İmtahan nəticələrinə görə ilk 10-luğa düşən tələbələrə universitet aylıq 500 avro təqaüd imkanı təklif edir. Burada sonuncu kurslarda oxuyan tələbələr universitet tərəfindən  şirkət rəhbərləri ilə görüşərək iş imkanı  qazanırlar”.   

Günel Yaşarqızı
Müəllifin digər yazıları