Azedu.az

Valideynlərlə təhsil müzakirələri davam edir

Xəbərlər

Paytaxt təhsili

Bakı şəhəri üzrə Təhsil İdarəsi

19 Dekabr 2025, 16:24
Valideynlərlə təhsil müzakirələri davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə Valideyn konfransları davam edir.  

AzEdu.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində növbəti görüşlər Sabunçu rayonu üzrə 71, Xəzər rayonu üzrə 88 nömrəli tam orta ümumi təhsil məktəblərində, Suraxanı rayonu üzrə S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada təşkil olunub.

Konfranslarda MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, Agentliyin Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşı Nərgiz Məmmədova, BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova, müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.  

MÜTDA-nın direktor müavini Vəfa Yaqublu Valideyn konfranslarının məktəb- icma əməkdaşlığının gücləndirilməsində mühüm platforma olduğunu vurğulayaraq bu cür təşəbbüslərin təhsildə şəffaflıq və ictimai etimadın artmasına xidmət etdiyini qeyd edib. Direktor müavini, həmçinin məktəb-icma əməkdaşlığının dayanıqlı təhsil mühitinin formalaşmasında əsas amillərdən biri olduğunu vurğulayıb.

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova məktəb mühitində təhlükəsiz və inklüziv yanaşmaların tətbiqinin vacibliyindən, məktəblərdə təlim-tərbiyə prosesinin səmərəli təşkili üçün ailə ilə əlaqələrin sistemli şəkildə qurulmasının əhəmiyyətindən, valideyn rəyinin təhsilin ümumi dəyərləndirilməsi və davamlı təkmilləşdirilməsi baxımından önəmindən danışıblar.

BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova konfranslarda “Tədris motivasiyası və öyrənməyə marağın artırılması”, “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” mövzularında təqdimatlarla çıxış edərək valideynlərə uşaqların təlimə marağının dəstəklənməsi, sağlam rəqəmsal vərdişlərin formalaşdırılması və onlayn risklərin qarşısının alınması ilə bağlı praktik tövsiyələr verib.

İştirakçılarla interaktiv müzakirələrdə müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafına dəstək vermək,  həmçinin təlim-tərbiyə prosesində valideynlərin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq etməkdən ibarətdir.

Valideyn konfranslarının paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunması nəzərdə tutulur.

Valideyn konfranslarının informasiya dəstəyi Təhsil TV və “Azərbaycan müəllimi” qəzetidir.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox