Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 13:37:14
“Müəllimləri tənqid edənlər  heç olimpiada sualı görməyiblər” – İttihamlara rəsmi cavab  

Təhsil Nazirliyi “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirilmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirib.

AzEdu.az xəbər verir ki, konfransda Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev 5 dekabrda “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqəsinin nəticələrinə yönələn ittihamlara münasibət bildirib:

“İstənilən yarışın məqsədi olur. Bu məqsəddən asılı olaraq qiymət ölçmə aləti formalaşır. Məqsəd beynəlxalq olimpiadaya hazırlıq bacarığı olan müəllimləri  müəyyən etmək idi.

Beynəlxalq olimpiadalar isə kifayət qədər ağır mövzular ətrafında olur. Məsələn, ötən il 105 ölkədən olan  600 uşaqdan cəmi ikisi bütün suallara cavab verib. Ondan əvvəki il isə heç kim naksimum nəticə göstərməyib. Təsəvvür edin ki, bu, dünyanın ən yaxşı uşaqlarıdır. Yəni, suallar bu qədər çətin olur. Bu standartı nazirlik müəyyən etmir. Dünyanın özünəməxsus standartı var.

Məqsədimiz bu standarta yaxın tədris keçə biləcək müəllimləri müəyyən  edib, qrantlar vasitəsilə maliyyələşməsini təmin etmək idi. Orada asan sual qoymağın heç bir mənası yox idi. Asan sual qoysaq, 50 müəllim 90 bal toplaya bilər. amma bizə belə müəllimlər lazım deyildi. Öncədən gözləntimiz  bu işi bacaran heç olmasa 15-20 müəllim tapmaq idi. Biz utansaydıq balları ora niyə qoyurduq? Bu məlumatı biz yayımlamışıq.

Dünyanın hər yerində belə müəllimlərin sayı azdır. Fizikadan 95 bal yığan 2 müəllim var. Hər fənn  üzrə 20-30 müəllim təyin etmişik.  Olimpiadaya hazırlıqsız gəlib 40 bal toplayan müəllimlər var. Bu müəllimlə fənn olimpiadasına ilkin səviyyədə VI-VII sinif şagirdini də hazırlamaq olar.  müəllimlərimizin sayı hər fənn üzrə 20, 30, 40 arasında dəyişir. Bu nəticələr şəxsən bizi sevindirdi.

Kimsə bunu təhrif edə bilər. Amma “müəllimə niyə olimpiada suallarına cavab verə bilmədin?!” demək haqsızlıq olardı”.

Şöbə müdiri məsələylə bağlı yaşanan anlaşılmazlığın səbəblərini sadalayıb:

“Dünənki anlaşılmazlığın  səbəbləri var idi. Məsələnin təhlilinin bayağı aparılması əsas səbəb idi. Mən olimpiadada son 20 ildə olanları tanıyıram. Əminəm ki, tənqid edənlər  heç olimpiada sualı görməyiblər. Bunu faciə kimi qələmə vermək düzgün deyil”

Xatırladaq ki, müəllimlərin aşağı nəticələr göstərməsi sosial şəbəkələrdə və mətbuatda müzakirələrə yol açıb. Yayılan məlumatlara görə, imtahanların nəticələrinə görə, riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları