https://www.zirve.edu.az/
04.01.2019 11:40
Universitetin qəzeti nəşrə başladı

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzeti nəşr olunub. 

AzEdu.az xəbər verir ki, mətbu orqanın ilk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncamı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz  Qurbanlı və Aİİ-nin rektoru Ceyhun Məmmədovun “İlahiyyatçı” qəzeti haqqında yazıları yer alıb. Qəzetin müxtəlif rubrikalarında ilin yekunlarına həsr olunmuş hesabat xarakterli yazılar əksini tapıb. 

“İlahiyyatçı” qəzetində, həmçinin Azərbaycanın tanınmış ilahiyyatçılarının Aİİ-də təhsil almağın üstünlükləri barədə fikirləri əksini tapıb.  Nəşrdə görkəmli akademiklər,  Milli Qəhrəman, Milli Məclisin deputatları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin təbrikləri, tövsiyələri də maraq doğurur. Qeyd edək ki, ayda bir dəfə nəşr olunacaq “İlahiyyatçı” qəzetində Aİİ-nin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, din sahəsində baş verən hadisələr, düşmən tapdağı altında qalan  abidələrimiz, tələbələrimizin yaradıcılığı haqqında yazılar dərc ediləcək.

Qəzetin nəşr olunmasında məqsəd gənclərdə yaradıcılıq vərdişlərinin artırılması və onların intellektual səviyyələrinin yüksəldilməsinə, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə işinə töhfə verməkdir.

Məlumat üçün bildiririk ki, bu günlərdə, həmçinin İnstitutun “Əsasnamələr, qaydalar, təlimatlar və məlumatlar toplusu” kitabı, “Din araşdırmaları” jurnalı çapdan çıxıb.