https://www.zirve.edu.az/
03.01.2019 12:06
Bakı Dövlət Universitetində imtahan sessiyası başlayıb

Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imtahan başlamazdan əvvəl dekanlar, koordinator-müəllim və rəhbər koordinatorlarla görüşüb. Firudin Qurbanov imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edib.

Qeyd edək ki, 22 minə yaxın bakalavr və 1523 nəfər magistrantın iştirak etdiyi imtahanlar yanvarın 3-dən 31-dək keçiriləcək.

İmtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə universitetin bütün tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları yaradılıb.

Onu da qeyd edək ki, imtahan sessiyası dövründə universitetin İctimai Nəzarət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi də nəzərdə tutulub.