Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-11 14:43:00
Xarici dil öyrənmək üçün optimal yaş

Alimlər 670 min insan arasında sorğu keçiriblər

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri xarici dili öyrənmək üçün zəruri olan optimal yaşı hesablayıblar. İnstitutun koqnitiv və neyro elmlər mərkəzinin mütəxəssisləri hesab edirlər ki, xarici dili daşıyıcı səviyyəsində mənimsəmə şansı əcnəbi dili 10 yaşa qədər öyrənməyə başlayanlarda daha çoxdur.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaların nəticələri “Cognition” jurnalında dərc olunub. Alimlər müxtəlif millətlərdən və yaş qruplarından olan (10-70, orta yaş 20-30 ) 670 min insandan əldə olunmuş informasiyanın analizi üçün kompüter modeli hazırlayıblar. Respondentlər öz anketlərində yaşlarını, ingilis dilini öyrənməyə sərf etdikləri vaxtı qeyd ediblər, həmçinin qrammatik qaydalara dair biliklər üzrə test yerinə yetiriblər. Nəticədə aydın olub ki, xarici dilin qrammatikası uşaqlıqda və yeniyetmə yaşında daha yaxşı mənimsənilir. Bundan əlavə, 18 yaşdan sonra dili tez öyrənmək qabiliyyəti qalsa da dil daşıyıcısı səviyyəsinə çatmaq daha da mürəkkəbləşir.

Tədqiqatçılar qeyd edirlər ki, aşkar edilmiş qanunauyğunluq şəxsiyyətin inkişafına təsir edən bioloji, həm də sosiomədəni amillərlə izah oluna bilər. “Kobud desək, bu, hədd-büluğa çatma dövrüdür, hansı ki, 17-18 yaşa qədər davam edə bilər. Bundan sonra insan böyüdüyü evi tərk edir, ola bilər ki, əmək fəaliyyətinə başlayır və ya tələbə olur. Bu amillərin məcmusu istənilən dilin öyrənilməsi templərinə təsir edə bilər”, -deyə tədqiqatın müəlliflərindən biri, professor Djoş Tenenbaum bildirib.