Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-18 11:30:00
Rektor:  "Hətta az müddət qalsa da, yeni qaydalar tətbiq olunacaq"

“Açıq qapı günündən istifadə edərək, böyük bir problemi diqqətinizə çatdırmaq istəyirəm. Bunu gizlətməkdə heç bir lüzum görmürəm. Bu magistratura səviyyəsi  ilə əlaqəlidir.  Problemin bir tərəfi odur ki, bakalavrda tədris olunan fənlərin bir qismi magistraturada təkrar keçirilir. Digər tərəfdən də dissertasiya işlərinə yanaşma qənaətbəxş deyil”.

AzEdu.az xəbər verir ki, bu fikirləri AzTU-nun rektoru professor Vilayət Vəliyev  qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün təşkil olunan  mediaturda səsləndirib. O, gələn ildən etibarən magistraturaya nəzarətin artıralacağını bildirib.

“Tələbələrin dissertasiya mövzuları kənarda qalır, onlar keçdikləri  fənləri təkrar öyrənirlər.  Bu il proqramda dəyişiklik etmədik. Razılaşdıq ki,  həmin fənlər üzrə yazılı imtahanlar götürülsün, amma gələcəkdə tələbənin yazı işlərinə, xüsusilə,  dissertasiya işinə kömək edəcək materialların tədrisini planlaşdırırıq”.

Rektor bildirib ki, hətta az müddət qalmasına baxmayaraq, bəzi halları aradan qaldırmaq məqsədilə magistr işlərinin yazılması ilə bağlı  bir sıra dəyişiklər edilib.

“Dissertasiya mövzularını, davamiyyət məsələlərini,  magistr işlərinin yazılmasını kafedralar müəyyənləşdirir. Çox vaxt tələbə işin yazılmasını müəllimə həvalə edir. Dörd ay, yəni az müddət qalmasına baxmayaraq tələbələrə  yeni mövzular veriləcək, qaydalar formalaşacaq və  yeni müəllimlər bu işə cəlb ediləcək. Hətta iki səhifəlik dissertasiya işi yazılsa da, əsas odur tələbə özü yazsın-deyə rektor V.Vəliyev sözlərinə əlavə edib.