Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 17:00:00
 Bu tələbələr niyə universitetlərdəki  imtahanlara buraxılmayıblar?–Saylar və səbəblər

Ali təhsil müəssisələrində imtahanların başlaması universitetlərin qarşısında öhdəliklər qoyur. Universitetlərin əksəriyyətində müəyyən səbəblərə görə tələbələr imtahanlara buraxılmır.

Bəs payız sessiyasında nə qədər tələbə hansı səbəblərdən  imtahana buraxılmayıb?

AzEdu.az universitetlərin mətbuat xidmətləri ilə apardığı sorğu nəticəsində imtahana buraxılmayan  tələbələrin sayı və səbəbləri haqqında məlumatı təqdim edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov statistik rəqəmləri açıqlayıb:

“Ümumillikdə, universitetdə  274 nəfər tələbə imtahana buraxılmayıb. Onların 80%-i dərsə davamiyyətsizliyə görə, yerdə qalan tələbələr isə təhsil haqqı ödəmədiyinə görə imtahana buraxılmayıb.

Məlum olduğu kimi,  dərsə davamiyyətsizlik 25%-dən çox olduqda tələbə artıq imtahana buraxılmır. Həmin fənn akademik kəsr hesab olunur.  107 nəfər isə imtahana buraxılsa da, iştirak etməyib. 34 nəfər isə qadağan olunmuş vəsaitlərdən istifadə etdiyinə görə imtahandan kənarlaşdırılıb”.

Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimov da imtahana buraxılmayan tələbələr haqqında məlumat verib:

“Sorğunuza  cavab olaraq bildirirəm ki, Bakı Slavyan Universitetinin 5 fakültəsində 35 ixtisas üzrə ali təhsilin bakalavriat səviyyəsində 3955 nəfər tələbə təhsil alır. Onlardan 16 nəfəri 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına buraxılmayıb. 16 nəfərin imtahan sessiyasına buraxılmamasının yeganə səbəbi dərsə davamiyyətdir.

Ali təhsilin magistratura səviyyəsində isə 25 ixtisas üzrə 201 nəfər magistrant təhsil alır. Onların hamısı 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına buraxılıb”.

Azərbaycan  Texniki Universiteti mətbuat xidmətinin rəhbəri  Sevinc İsgəndərova isə 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasında 350 tələbənin davamiyyət limitinə görə müvafiq fənlərə buraxılmadığını bildirib.

Lənkaran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova  tələbələrin imtahana buraxılmama səbəbləri haqqında məlumat verib:

“LDU 2019/2020-ci tədris ilinin payız semesterinin imtahan sessiyasında ödənişə görə imtahanlara buraxılmayan tələbəmiz yoxdur. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun göstərişi ilə imtahanlara qədər ödəniş etməyə imkanı olmayan bütün tələbələrə güzəşt edilib, möhlət verilib.İmtahanlara buraxılmayan 110 tələbə var ki, bu da  davamiyyətlə bağlıdır”.

Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilanova imtahana buraxılmayan tələbələr haqqında statistik göstəriciləri barədə məlumat verib:

“Azərbaycan Universitetində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında təhsil haqqının ödənilməməsinə görə imtahana buraxılmama halı yoxdur. Dərsdə iştirak etməmə limitini aşdığına görə isə İKT fakültəsi üzrə 1 tələbə, Biznes və iqtisadiyyat fakültəsi üzrə isə 3 tələbə sessiyada iştirak edə bilməyəcək. Humanitar fənlər fakültəsi üzrə isə belə hal qeydə alınmayıb. Bu fakültə-Humanitar fənlər fakültəsi üzrə indiyə qədər keçirilmiş imtahanlarda 14 tələbənin hər biri 1 fənn üzrə qayıb limitini aşdığına görə imtahana buraxılmayıblar. Həmin  tələbələr digər fənlər üzrə imtahanlarda iştirak edə biləcəklər”.

Ayşə MÜSEYİB