Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 09:25:00
ADPU-da payız semestrinin imtahan sessiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərin araşdırılması və düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə 14 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb.

Bundan başqa,  payız semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə 5 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb.

Qeyd edək ki, sessiya fevral ayının 3-dək tərtib olunmuş cədvəl üzrə keçiriləcək. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-IV tədris ilindən olan tələbələr üçün yazılı formada, V və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulu ilə, magistratura səviyyəsində isə yazılı şəkildə  keçiriləcək.

Payız semestrinin imtahanları Tədris  departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunur. Semestr imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 40 nəfər imtahan təşkilatçısı və 150 nəfər nəzarətçidən ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb. İmtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, İctimai Şuraya müraciət etmək,  qaynarxə[email protected] və ADPU-nun rəsmi facebook səhifəsindən inboksa yazmaq, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərinin öyrənilməsi, İmtahan Qərargahına və Apelyasiya Komissiyasına müraciət etmək imkanları təmin edilib, dekanlıqlarda tələbələrin qəbulları təşkil edilir.

 İmtahan sessiyasının çevikliyini təmin etmək məqsədilə fakültələr üzrə imtahan nəzarətçiləri təyin edilib. İmtahan nəzarətçilərinin qeyri-ixtisaslı olması qabaqcadan planlaşdırılıb. İmtahanlar hər gün saat 9:00-da başlayır, 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Gün ərzində, ümumilikdə təxminən 2500-3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verir.

Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və yoxlama aparılan gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə imtahanların nəticələri ADPU-nun internet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr Apelyasiya Komissiyasına, imtahanın gedişindən narazı qalan tələbələr isə İmtahan Qərargahına müraciət edə bilirlər. Eyni zamanda valideynlərlə əlaqələrin yaradılmasına, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin ADPU-da imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün  formalaşdırılmasına xidmət edir.

ADPU-nun  filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris  departamentinə və rektorluğa məlumat verir.

ADPU rəhbərliyi müntəzəm şəkildə auditoriyalarda imtahan prosesini müşahidə edir, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir.