XƏBƏRLƏR

15.12.2019 12:01
BDU alimi beynəlxalq konfransda

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin əməkdaşı İsfəndiyar Ağayev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının təşəbbüsü ilə yaradılan “MDB Təhlükəsizlik Problemləri İnstitutu”nun (Институт Проблем Безопасности СНГ) təşkil etdiyi və «MDB-də siyasi və iqtisadi inteqrasiyanın yeni səviyyəsinin formatları: MDB üzv-iştirakçı dövlətlərin təhlükəsizliyinin təmin edilməsi kontekstində Avrasiya əməkdaşlığı və infrastruktur sərmayələrinin genişləndirilməsi» mövzusunda keçirilən 3-cü beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış edib.

Konfransda MDB ölkələrinin dövlət təhlükəsizlik, digər orqan və təşkilatların,  elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirə, həmçinin  Rusiya ilə MDB ölkələri arasında təhlükəsizlik və digər sahələr üzrə əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən dövlətlərarası qurumların əməkdaşları, tanınmış alimlər qatılıb.  Konfrans çərçivəsində İ.Ağayevin Almaniyanın Leypsiq Universitetinin nəşriyyatında ingilis dilində nəşr olunan «Rusiya Cinayət Hüququ» (Russian Criminal Law) və «Rusiya Penitensiar Hüququ» (Russian Penitentiary Law) kitablarının təqdimatı da keçirilib.

Beynəlxalq tədbirin sonunda “MDB Təhlükəsizlik Problemləri İnstitutu”nun mətbu orqanı olan “Avrasiya dövlətlərinin beynəlxalq əməkdaşlığı: siyasət, iqtisadiyyat, hüquq” (Международное сотрудничество евразийских государств: политика, экономика, право) jurnalının Redaksiya Şurası formalaşdırılıb və İ.Ağayev həmin şuranın üzvü seçilib.