XƏBƏRLƏR

10.12.2019 15:57
Nazir: "Müəllimlər savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar"

 

"Azərbaycanı gənclər ölkəsi adlandıra bilərik. Ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir". 

AzEdu.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetində keçirilən "Azərbaycan Tələbə-Könüllülərinin Forumu-2019" tədbirində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir: "Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".

Ceyhun Bayramovun sözlərinə görə, hazırda dünyada 1 milyona yaxın insan könüllülük hərəkatına qoşulub: "Dünyada hər 7 nəfərdən biri könülllüdür. Azərbaycanda da könüllülük son illərdə geniş vüsət alıb və bu hərəkat ilbəil artır. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var. Bu, hər bir gənc üçün həyat kredosuna çevrilməlidir. Gənclər dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə yüksək ixtisaslı, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssis olmaq kimi vacib vəzifələri özləri üçün müəyyən etməlidilər. Bunlar əsas prioritetlər olmalıdır".

Lamiyə Süleymanlı Müəllifin digər yazıları