XƏBƏRLƏR

05.12.2019 16:29
200-ə yaxın əcnəbi alimin qatılacağı konfrans

Kanadada yerləşən Ryerson Universiteti ilə əməkdaşlıq çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) 12-14 iyun 2020-ci il tarixində “İstilik energetikası mühəndisliyi üzrə 13-cü beynəlxalq konfrans: nəzəriyyə və tətbiq” mövzusunda tədbir keçiriləcək.

 AzEdu.az xəbər verir ki, beynəlxalq tədbirə 20 müxtəlif ölkədən 40 alim dəvətli professor qismində olmaqla iki yüzə yaxın əcnəbi alimin iştirakı nəzərdə tutulur.

 Konfransın keçirilməsində əsas məqsəd eksperimental, analitik, nəzəri istilik energetikası və enerji mühəndisliyinin tətbiqi ilə məşğul olan tədqiqatçıları bir araya toplamaqdır. Tədbirdə irəli sürülən mövzular istilik enerjisində şərti və inkişaf etməkdə olan tədqiqat sahələri ilə bağlıdır. Konfrans tərəfindən qəbul olunmuş və qeydiyyatdan keçən məqalələr nəşr edilərək  Tomson Reyter, “Scopus” məlumat bazasında indeksləşdiriləcək.

 Onu da qeyd edək ki, konfrans “Mikro/nano istilik ötürülməsi”, “Ərimə və bərkimə”, “Bərpa olunan enerji”, “Hibrid enerji saxlama sistemləri”, “Ekologiya mühəndisliyi”, “Ekosistemdə istilik və kütlə ötürülməsi” və digər mövzuları əhatə edəcək.