XƏBƏRLƏR

05.12.2019 13:58
Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

Hazırda dövlət qulluğuna qəbul üçün edilən müraciətlər daha çox aşağı kateqoriyalı vəzifələr üzrədir, çünki orda iş stajı tələb olunmur.

AzEdu.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, dövlət qulluğuna ilk dəfə qəbul üçün müraciət edənlər, əsasən heç vaxt işləməyən gənclər olurlar: "Ona görə də həmin imtahanlarda kütləvilik olur. Amma yuxarı vəzifələrə imtahanlarda ilkin tələb kimi iş stajı tələb olunduğundan müraciətlərin sayı azdır. Bir qurumda işləyən şəxslər daxili müsahibə elanı ilə vəzifələrini artıra bilirlər. Ona görə də onlar imtahan verməkdənsə, daxili müsahibəyə üstünlük verirlər. Hər hansı bir dövlət qurumunda işləyən də başqa quruma keçməkdə maraqlı olmur. Çünki onlar öz qurumlarında vəzifədə yüksəlmək istəyində olurlar".