XƏBƏRLƏR

11.09.2019 13:52
Tələbələrə göstərilən laqeydlik onların sonrakı karyerasına mənfi təsir edir- REKTOR

"Ali məktəblərdə ixtisaslar üzrə nə qədər tələbənin təcrübə keçə biləcəyinə limit qoyulmalıdır".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

O bildirib ki, pedoqoji təcrübə zamanı bəzi problemlər ortaya çıxır: "2014-cü ildə təsdiq edilmiş ali təhsil ixtisaslarının dövlət standartına və tədris planlarına görə, Bakıdakı bütün ali məktəblərin pedoqoji ixtisaslarına təcrübələr eyni vaxtda başlayır və bir neçə min tələbə Bakının məktəblərinə, xüsusi ilə də şəhərin mərkəzində orta məktəbə gedir və ciddi sıxlıq yaranır. İkincisi məktəblərin mövcud infrastrukturu və kadr potensialı nəzərə alınmadan normadan artıq yüklənmə nəticəsində pedoqoji təcrübənin keyfiyyəti aşağı düşür".

Rektor qeyd edib ki, bəzən tələbələr pedoqoji təcrübə zamanı ancaq bir sinifdə sınaq dərslərini keçirlər: "Tələbələr sınaq dərslərini müxtəlif yaş qruplarındakı siniflərdə keçmək imkanına malik olsunlar. Tələbələrin sınaq dərslərində ixtisas müəllimləri ilə yanaşı, məktəb rəhbərliyin də iştirak etməsi, təcrübə nəticələrinin məktəbin pedoqoji şurasında müzakirə olunması, tələbələrin yalnız sınaq dərsləri ilə deyil, məktəbin bütün idarəolunması işində fəal iştirak etməsinə rəvac verilməsi təklif olunur. Bakı məktəblərinin pedoqoji təcrübə imkanları nəzərdən keçirməklə hansı məktəbdə hansı ixtisas üzrə nə qədər tələbənin təcrübə keçə biləcəyi limitləşdirilməsini istərdik. Çünki burada laqeydlik tələbənin sonrakı karyera seçiminə həm mənfi, həm müsbət təsir edə bilər".

İlin gənc müəllimi-Müraciət formu