Azərbaycan Universiteti iyulun 29-dan 31-dək Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək. Mərkəzin Elektron İmtahanlar Korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək sərginin məqsədi ixtisas seçimindən əvvəl abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
AzEdu.az xəbər verir ki, sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalının redaksiyası və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin təmsil olunması gözlənilir.
Azərbaycan Universitetinin stendini ziyarət edən abituriyentlər və valideynlər qəbul aparılan ixtisaslar, qəbul qaydaları, təqaüd imkanları, xaricdə təhsil və akademik təcrübə imkanları, tələbə həyatı, universitetin maddi-texniki bazası və digər üstünlükləri haqqında ətraflı məlumat əldə edə, onları maraqlandıran suallara universitet nümayəndələrindən birbaşa cavab ala biləcəklər. Bununla yanaşı, sərgi müddətində hər gün saat 14:00 - 15:00 aralığında Elektron İmtahanlar Korpusunun 405 nömrəli otağında Azərbaycan Universitetinin təqdimatı keçiriləcək.
Qeyd edək ki, sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər.