Bakı Mühəndislik Universitetində (BMU) Koreya Respublikasının İNHA Universitetinin Himayəçilər Şurasının sədri cənab Yonqrak Sunq və universitetin rektoru cənab Ço Myonq Voonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, nümayəndə heyətini salamlayan BMU-nun rektoru Yaqub Piriyev universitetlər arasında uzunmüddətli və səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı" çərçivəsində həyata keçirilən BMU-İNHA ikili diplom proqramı ali təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində ən uğurlu nümunələrdən biridir. Vurğulanıb ki, 2020-ci ildən gerçəkləşdirilən proqramın Prezidentin müvafiq sərəncamı ilə 2030-cu ilədək uzadılması bu əməkdaşlığa verilən yüksək dəyərin sübutudur.
Rektor sabah keçiriləcək üçüncü məzun buraxılışının proqramın davamlı və uğurlu icrasının göstəricisi olduğunu bildirib. Qeyd edib ki, bu nəticə BMU ilə İNHA Universiteti arasında formalaşmış strateji akademik tərəfdaşlığın və uzunmüddətli institusional əməkdaşlığın məntiqi nəticəsidir. Həmçinin, İNHA Universiteti ilə əməkdaşlığın yalnız ikili diplom proqramı ilə məhdudlaşmadığı, elmi-tədqiqat, akademik mobillik, innovasiya və rəqəmsal texnologiyalar istiqamətlərində əlaqələrin daha da genişləndirilməsinin hər iki universitet üçün mühüm prioritet olduğu diqqətə çatdırılıb.
Yaqub Piriyev bu il fəaliyyətinin 10 illiyini qeyd edəcək BMU-nun beynəlxalq reytinqlərdə, xüsusilə QS qiymətləndirməsində əldə etdiyi davamlı irəliləyişləri vurğulayaraq, bunu son illərdə universitetdə həyata keçirilən islahatların, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən sistemli işlərin nəticəsi kimi dəyərləndirib. Rektor, eyni zamanda, BMU-İNHA ikili diplom proqramı məzunlarının yüksək işlə təminat göstəricilərinə malik olduqlarını, nüfuzlu yerli və beynəlxalq şirkətlərdə uğurla fəaliyyət göstərdiklərini bildirərək, bunu proqramın uğurunun əsas göstəricilərindən biri kimi qiymətləndirib.
İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq BMU ilə birgə həyata keçirilən ikili diplom proqramının əldə etdiyi uğurlu nəticələri əməkdaşlığın dinamik inkişafının göstəricisi kimi səciyyələndirib. O, proqramın Azərbaycan ilə Koreya arasında akademik və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Həmçinin, proqram çərçivəsində tədris olunan ixtisasların dünya əmək bazarında yüksək tələbat gördüyünü qeyd edib, yay məktəblərində dərs deyən koreyalı professor-müəllim heyətinin əməyini yüksək qiymətləndirib. Yonqrak Sunq gələcək dövrdə tərəfdaşlığın yeni akademik və elmi istiqamətlər üzrə daha da genişləndirilməsində maraqlı olduqlarını deyib.
İNHA Universitetinin rektoru cənab Ço Myonq Voo isə BMU ilə əməkdaşlığın qarşılıqlı etimada əsaslandığını qeyd edərək, ikili diplom proqramının beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfəsini vurğulayıb. Rektor proqramda təhsil alan tələbələrin yüksək akademik göstəriciləri və hazırlıq səviyyəsi ilə seçildiyini bildirərək, onları İNHA Universitetinin ən yaxşı tələbələri sırasında qiymətləndirib. Ço Myonq Voo proqramın gələcək inkişafı üçün hər iki universitetin birgə səylərini davam etdirəcəyinə əminliyini ifadə edib.
Görüşdə BMU-İNHA ikili diplom proqramının mövcud nəticələri, tədris prosesinin təşkili, proqramın inkişaf perspektivləri, eləcə də birgə elmi layihələr, müəllim və tələbə mübadiləsi, süni intellekt, informasiya texnologiyaları və mühəndislik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.
Səfər çərçivəsində nümayəndə heyəti yay məktəbində iştirak edən proqram tələbələri ilə görüşərək onlarla səmimi söhbət aparıb, tədris prosesi və qazandıqları təcrübə ilə maraqlanıb.