Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 15:10:00
“Təhsil aldığım məktəb hər şəraitlə təmin olunub” - İmtahanda 608 bal toplayan internat məzunu

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında internat tipli təhsil müəssisələrinin nəticələri yüksək olub. Belə məktəblərdə təhsil alan bir çox şagird universitetlərə yüksək balla qəbul olunublar.

Builki ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərdən biri də Əliyev Ziya İftixar oğludur.

AzEdu.az Əliyev Ziyanın təəssüratlarını öyrənib.

DOSYE: Əliyev Ziya Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanı bitirib. O, 608 balla Azərbaycan Neft və Sənaye Universitetinin informasiya texnologiyaları ixtisasına qəbul olunub.

O, sözlərində qeyd edib ki, yüksək bal toplamasında ailəsinin savadlı olmasının böyük əhəmiyyəti olub. Ziyanın sözlərinə görə, qardaşının yaxşı oxuması və təhsil alması onun yüksək bal toplamasına təsir göstərib:

"İmtahana hazırlaşmaq üçün iki il intensiv məşğul olmuşam. Müəllimlərim də mənə dəstək olublar. Universitetə hazırlaşmaq üçün bütün vəsaitləri məktəbdən əldə etmişəm”.

Ziyada kompüter elmlərinə qarşı maraq hələ uşaq yaşlarından etibarən formalaşıb. Məhz buna görə  də, o, informasiya texnologiyaları ixtisasını seçib. Ziya internat məktəbinin abu-havası haqda fikirlərini bizimlə bölüşüb:

“Təhsil aldığım internat məktəbi hər şəraitlə təmin olunub. Burada  qalmaq üçün yer,yeməkxana və hər bir şey var. Əsas odur ki, dərslər də yüksək səviyyədə keçirilir. Təəssüflər olsun ki, burada təhsil alan bir çox şagird təhsilin onlar üçün uğur gətirəcəyini tam anlaya bilmirlər. Bu istiqamətdə onlara müəllimlər məsləhət verir. Bütün bunlara baxmayaraq məktəbimizdə yaxşı oxuyan şagirdlər kifayət qədər çoxdur.

Şagirdlərə məsləhət görürəm ki, heç vaxt həvəsdən düşməsinlər. Hər kəsin oxumaq imkanı var, internat məktəbləri heç də digər təhsil müəssisələrindən geri qalmırlar. Buna görə də ruhdan düşmək lazım deyil”.

Məqsədlər, hədəflər, planlar...

 “Əvvəlcə, ixtisasım üzrə burada təhsil alıb sonra xarici ölkələrdə təhsilimi davam etdirmək istəyirəm. Əsas hədəfim proqramist olmaqdır. Hələ ki hansı xarici universitetdə oxuyacağımı düşünməmişəm. Bunu gələcək illərdə planlaşdıracam”, - deyə Ziya əlavə edib.

Həyatda unuda bilməyəcəyimiz şəxslərdən biri də müəllimlərimizdir. Ziyanın müəllimi, Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Nurlana İbadullayeva Ziyaya yaxından dəstək olub. Hətta o, məktəb müəllimlərindən Ziyanı təmənnasız şəkildə ali məktəbə hazırlaşdırmaları üçün xahiş edib. Sevindirici haldır ki, müəllimlərin heç biri direktorun bu istəyini geri çevirməyiblər.

Nurlana xanım Ziya haqda fikirlərini bölüşür: “Ziyagil ailədə iki qardaşdırlar. Ailədə bəzi problemlər yaşanıb. Bu səbəbdən anaları uşaqlara tək baxmaqda çətinlik çəkdiyi üçün Ziyanı təhsilini davam etdirməsi üçün internat məktəbinə yazdrıb”.

Direktor bildirib ki, Ziya çox ağıllı şagird olub: o, qarşısına nə məqsəd qoydusa, onu əldə etmək üçün əlindən gələni etməyə çalışır:

“Builki qəbul imtahanlarında bir çox şagirdlərimiz ali məktəblərə qəbul olunublar. Şükürlər olsun ki, Ziya da yüksək bal toplayıb. Müəllimlərimiz həmişə onun təhsili ilə yaxından maraqlanıblar. Ziyanın əlindən kitab düşmürdü, hətta o qədər çox dərs oxuyurdu ki, gözləri zəiflədiyi üçün eynək taxmağa məcbur oldu.

Ziya öz istəyi ilə ali məktəbə qəbul olundu. Əvvəlcə topladığı bal 599  idi, bu bizi çox təəssüfləndirdi və  apelyasiyaya müraciət etdik. Müraciətimizdən sonra 608 etdilər. Ziya özü də səy göstərərək yazdığı cavabların düzgün olduğunu sübut etdi.

Ziya çox ağıllı və tərbiyəli uşaqdı. O, oxumağa meyilli, sakit təbiətlidir və məktəbdə böyük hörmət qazanıb. Onların siniflərində cəmi 6 nəfər var idi ki, iki nəfəri sənədlərini ali məktəblərə, 4 nəfəri isə peşə məktəblərinə təqdim ediblər. Bir nəfəri çıxmaq şərti ilə hamısı qəbul olunub”.

Nurlana xanım internat məktəblərində oxuyan şagirdlərin dərslərə həvəsinin artması və ali məktəblərə qəbul olunanların sayının çoxalması üçün əlindən gələni edir. O, internat məktəbinə 2010-2011-ci tədris ilində direktor təyin olunub.

“Təyinatdan sonra başlıca məqsədim buradakı təhsili inkişaf etdirmək olub. İstəyirdim ki, şagirdlərim kənarda qalmasın və ali məktəblərə qəbul olunsunlar. İki il ali məktəbə qəbul olunan şagirdim olmadı və bu, məni çox məyus etdi. Üçüncü ildən etibarən isə şagirdlərimiz universitetlərə qəbul olunmağa başladılar. Artıq 5 ildir ki, bu məktəbi bitirən 11-cilərdən heç biri kənarda qalmır, onlar universitetlərə və ya texniki kolleclərə qəbul olunurlar. Buna görə biz də onların gələcək taleyi ilə bağlı narahatlıq keçirmirik.

Mən təhsil insanıyam və hər zaman təhsilə önəm verirəm. Uşaqları həvəsləndirirəm ki, insan qarşısına məqsəd qoysa, ona çata bilər. Müəllimlərlə də hər zaman bununla bağlı ciddi söhbətlər aparıram. Nəticədə, onlar uşaqlarla dərsdən sonra məşğul olurlar. Ziya 600 balı keçdiyi üçün mən nazirliyə müraciət etdim. Sağ olsunlar, bizi qırmadılar və Ziyanı diqqətdən kənara qoymadılar.

Hesab edirəm ki, şagirdlərin ən çətin zamanı 11-ci sinifdə oxuduqları dönəmlərdir. Buna görə də,  onlara dəstək olmaq lazımdır. Bu zaman müəllimlər də şagirdlərə yaxından kömək etməlidilər. İnternat məktəbində oxuyan şagirdlər daha həssas olurlar. Buna görə də, onları  qırmaq və incitmək  olmaz. İnanın, məktəbimizin məzunları sonradan bizi görməyə gələndə mən dünyanın ən sevincli insanı oluram. Hətta biz məktəb olaraq əsgərliyə gedən şagirdlərimizi özümüz yola salır və qarşılayırıq.

Mən İlham Əliyevə minətdarlığımı bildirirəm ki, məzun evlərini təşkil edib. Bizim məktəbimizdən də məzun evinə dəvət alan şagirdlərimiz olub. Onlar həmin evlərdə yaşayırlar. Bu il də bir qız şagirdimizə ev veriləcək. Nazirliyimiz də bu istiqamətdə tədbirlərə əl atır. Mən bütün direktorlardan, xüsusilə internat məktəblərinin direktorlarından xahiş edərdim ki,  uşaqlara həssas yanaşsınlar. Onlara nə qədər yaxşı davransaq, hər şey  gözəl olacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları