XƏBƏRLƏR

19.08.2019 11:53
Rektor qəbul prosesini izlədi - FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) qəbul olunan tələbələrin avqustun 15-dən etibarən qeydiyyat prosesi başlanıb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, 2019/2020-ci tədris ilində birinci kurs tələbəsi sayılacaq şəxslər tələb olunan sənədləri təqdim edərək qeydiyyatdan keçirlər. Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini, sənədlərin qeydiyyatının gedişatını izləyib, institutun nümayəndələri ilə söhbət edib.

Ceyhun Məmmədov qəbula gələn valideynlərlə görüşüb, övladlarının tələbə adı qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Rektor ali təhsil müəssisəsi haqqında məlumat verərək, institutda mövcud olan şəffaf müəllim-tələbə münasibətlərindən, gənclər üçün yaradılan imkanlardan, tədrisin təşkilindən bəhs edib.

O bildirib ki, qeydiyyatdan keçən tələbələrin çoxu yüksək bal toplayan abituriyentlərdir: “Onların arasında 500-dən artıq balla qəbul olunan gənclərimiz də var. Bu, sevindirici haldır. Onların bu sahəyə marağı təqdirəlayiqdir və ümid edirəm ki, hər biri sahələrinin peşəkar mütəxəssisi olacaq”.

Xatırladaq ki, sənədlərin qəbulu avqustun 27-nə kimi hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır.

İnstitutun 2019/2020-ci tədris ili üzrə qəbul planı birinci mərhələdən 100 faiz dolub.

İlin gənc müəllimi-Müraciət formu