Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-17 16:47:00
Xarici universitet diplomlarının tanıdılması ilə bağlı ən çox verilən suallar- Vacib cavablar  

 

 

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir.

Xatırladaq ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən dayandırılıb və avqustun 31-dək müvəqqəti olaraq davam edəcək.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.

AzEdu.az xaricdə təhsil alan gənclərin nostrifikasiya prosedurları haqqında ən çox verilən suallarına cavabı təqdim edir:

-Hazırda xaricdə yaşayıram. Nostrifikasiya üçün necə müraciət edə bilərəm?

-Nostrifikasiya prosedurlarında sənədlər yalnız elektron ərizə vasitəsilə qəbul edilir. Bu səbəbdən elektron ərizəni məsafədən doldurmaq mümkündür.

Müraciətinizlə bağlı hər hansı əməliyyat həyata keçirmək zərurəti yaranarsa, etibarnamə əsasında sizi təmsil edən səlahiyyətli nümayəndəniz bu barədə müvafiq tədbirlər həyata keçirə bilər.

Qeyd edək ki, bu qayda müsahibə mərhələsinə şamil olunmur. Müsahibədə müraciətçinin şəxsən özünün iştirak etməsi zəruridir.

-Təhsil sənədinin leqallaşdırılması dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə, tanınma, üçün müraciət edərkən təqdim edilmiş müvafiq təhsil sənədinin leqallaşdırılmış olması zəruridirmi?

-Nostrifikasiya üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədləri (diplom və ona əlavə [transkript]) “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır.

Bu barədə daha ətraflı ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Leqallaşdırma” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz.

-Nostrifikasiya proseduru üçün tələb olunan sənədlərdən hansılar təqdim olunmamışdan əvvəl Azərbaycan dilinə tərcümə olunmalıdır?

-Ali təhsil haqqında sənəd [diplom] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi)

-Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə [transkript] (əsli və notariat qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi)

-Nostrifikasiya proseduru üçün təqdim etdiyim sənədlərin mövcud icra vəziyyəti barədə necə məlumat əldə edə bilərəm?

-Təqdim etdiyiniz sənədlərin icrasının hansı mərhələdə olması barədə şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat və elektron ərizənizdə qeyd etdiyiniz əlaqə nömrəsinə göndərilən SMS vasitəsi ilə məlumat əldə edə bilərsiniz

-Uzun müddətdir ki, elektron ərizəmdə müraciətimin statusu dəyişmir. Mən nə etməliyəm?

-Nostrifikasiya üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara sorğuların göndərilməsindən, eləcə də məzun olduğunuz ali təhsil müəssisəsindən və ixtisasınızdan asılı olaraq, sənədlərinizin icra müddəti dəyişir. Bütün proses ərzində ərizənizlə bağlı ən tutarlı məlumatı şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat vasitəsilə əldə edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, müraciətinizin statusu ilə bağlı tərəfinizdən edilmiş çoxsaylı müraciətlər sənədlərinizin icrasında ciddi gecikmələrə səbəb ola bilər.

-Təqdim etdiyim sənədlər icraata götürüldükdən sonra hansı müddət ərzində müraciətim barədə yekun qərar qəbul olunacaq?

-Nostrifikasiya üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara və təhsil müəssisələrinə sorğuların göndərilməsindən, eləcə də məzun olduğunuz ali təhsil müəssisəsindən və ixtisasınızdan asılı olaraq, sənədlərinizin icra müddəti dəyişir.

Qeyd olunanlar nəzərə alınmaqla, təqdim etdiyiniz sənədlərə, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 4 ay müddətində baxılır.

Diqqətinizə çatdırırıq ki, Lissabon Tanınma Konvensiyası Komitəsi tərəfindən 23.06.2010-cu il tarixdə qəbul edilmiş “Xarici Kvalifikasiyaların Qiymətləndirilməsi üzrə Meyar və Prosedurlara dair yenidən işlənilmiş Tövsiyələr”ə əsasən sənədlərin icraatı 4 (dörd) aydan gec olmayaraq yekunlaşmalıdır.

Bütün proses ərzində ərizənizlə bağlı ən tutarlı məlumatı şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat vasitəsilə əldə edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, müraciətinizin statusu ilə bağlı tərəfinizdən edilmiş çoxsaylı müraciətlər sənədlərinizin icrasında ciddi gecikmələrə səbəb ola bilər.

-Nostrifikasiya prosedurlarında nəzərdə tutulmuş ekspertiziya çərçivəsində  şəxsi  kabinetimdə müraciətimin statusu olaraq “İcraatı dayandırıldı” yazılıb. Bu nə deməkdir?

-Bu status sizin nostrifikasiya ilə bağlı təqdim etdiyiniz sənədlərin icraatının dayandırıldığını göstərir. Bu, iki səbəbdən baş verə bilər:

  1. Nostrifikasiya prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində Sizin Akkreditasiya və Nostrifikasiya İdarəsində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurətiniz yaranmış, lakin təyin olunan vaxt ərzində həmin müsahibədə iştirak etməmisiniz. Bu səbəbdən, müsahibədə iştirakınızadək sənədlərinizin icraatı dayandırılıb.

Nəzərinizə çatdırırıq ki, müsahibədə iştirak etmək üçün vaxt təyin etmək məqsədi ilə [email protected] elektron poçt ünvanına yazmağınız xahiş olunur;

2.Nostrifikasiya ilə bağlı müraciətinizlə əlaqədar qərarın qəbul edilməsi üçün əlavə sənəd(lər)in təqdim olunmasına zərurət yaranmışdır. Bu barədə sizə müvafiq məlumat verilmiş, lakin təyin olunan vaxt ərzində müraciətimiz təmin olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci bəndinə əsasən sənədlərinizin icraatı dayandırılıb. Tələb olunan əlavə sənəd(lər) yalnız şəxsi kabinetiniz vasitəsilə təqdim olunduqdan sonra icraat davam etdiriləcək.

Diqqətinizə çatdırırıq ki, tələb olunan sənəd(lər)i elektron ərizədən savayı digər vasitələrlə təqdim edəcəyiniz təqdirdə, müraciətiniz qəbul edilməyəcək.

-Nostrifikasiya prosedurlarında ekspertiza zamanı hansı səbəbdən müsahibə keçirilir?     

Müsahibə, xaricdə alınan təhsilin məzmununun Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (müvafiq qaydalara uyğun olaraq) üçün ekspertizanın tərkib hissəsidir.

(Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Müsahibə” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz).

Günel Yaşarqızı
Müəllifin digər yazıları