XƏBƏRLƏR

14.06.2019 10:39
Müəllim hazırlığında internatura modelinə keçid əsas hədəflərdəndir - Nazir

Müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması və internatura modelinə keçid, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi əsas hədəflər kimi müəyyən edilib.

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, elm sahəsində növbəti illərdə həyata keçirəcəyimiz əhəmiyyətli təşəbbüslərdən biri ali təhsil müəssisələrində "təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi olacaq. Bu baxımdan, bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, "təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı hədəflərə nail olunmalıdır.

C.Bayramov deyib ki, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

Keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən, beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir.

İlin gənc müəllimi-Müraciət formu