“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Texniki Universitetinin (AzTU) fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Texniki Universiteti 5 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.
Qeyd edək ki, Türkiyə və Mərkəzi Asiya regionunun ölkələri ilə müqayisədə Azərbaycan “QS Stars” reytinq sistemində ilk dəfədən fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilən ali təhsil müəssisələrinin sayına görə lider mövqedədir.