Ali təhsil müəssisələrində təhsil haqlarının artırılması son dövrlərdə cəmiyyətdə geniş müzakirələrə səbəb olan və həm tələbələr, həm də təhsil müəssisələri üçün aktual məsələlərdən biridir. Təhsil haqları, universitetlər və digər təhsil müəssisələri üçün maddi gəlir mənbəyi olmaqla yanaşı, eyni zamanda təhsil sisteminin davamlı inkişafını təmin etməyə xidmət edir.
Bəs görəsən, 2025-2026-cı tədris ili üzrə universitetlərdə təhsil haqları artırılacaqmı? Ümumiyyətlə hazırkı təhsil haqları xərcləri ödəyirmi?
Məsələ ilə bağlı AzEdu.az universitetlər arasında sorğu keçirib.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, UNEC-də təhsil haqlarının artırılması nəzərdə tutulmayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev qeyd edib ki, universitetdə təhsil haqları rəqabətə davamlıdır:
“Ölkədəki ali təhsil müəssisələrinin təhsil haqları demək olar ki, eynidir. Bəzilərində daha aşağı, bəzilərində isə bərabər səviyyədədir. Əsas fakültələr üzrə təhsil haqlarının məbləği təxminən 90% ixtisas üçün 2000 AZN təşkil edir.
Lakin bəzi ixtisaslar var ki, onlarda laboratoriya avadanlıqlarından geniş istifadə olunur və laboratoriya dərsləri daha çox keçirilir. Bu ixtisasların tədris şərtləri daha bahalı olduğuna görə təhsil haqları 2500 AZN-dir.
Gələn il üçün təhsil haqlarının artırılması ilə bağlı hazırda universitet daxilində heç bir müzakirə aparılmır. Əgər bu barədə hər hansı qərar qəbul olunarsa, ictimaiyyətə rəsmi məlumat veriləcək".
Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, növbəti tədris ilində təhsil haqlarının artırılması nəzərdə tutulmur.
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılovanın sözlərinə görə, növbəti tədris ilinin qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra aydınlaşacaq:
“Ondan sonra artma və ya azalma yaxud təhsil haqlarının olduğu kimi qalacağı ilə bağlı məlumat veriləcək”.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edildikdən sonra 2025/26 -cı tədris ili üzrə təhsil haqları bəzi ixtisaslarda 5-10% aralığında artırılıb:
“Akademik heyətin əmək haqlarında 20% artım edilməsi xərclərin çoxalmasına və təhsil haqqının çox az miqdarda da olsa artırılmasına zərurət yaradıb”.
Xəzər Universitetindən bildirilib ki, hələlik gündəmdə elə bir məsələ yoxdur.
Bakı Avrasiya Universitetinin (BAAU) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Qurban Qurbanzadə təhsil haqlarının artırılması ilə bağlı müzakirə aparılmadığını vurğulayıb.
Mingəçevir Dövlət Universitetindən (MDU) verilən məlumata görə, 2025/26 tədris ili üzrə universitetimizdə təhsil haqlarının müəyyən qədər artırılması nəzərdə tutulur:
“Artımın səbəbi kimi dövlət sifarişi üzrə təhsil xərclərinin artması və keyfiyyətli tədrisin davamlı olaraq təmin olunması məqsədilə həyata keçirilir. Bu artım 100 manat olacaq və təhsil haqlarının artırılması tələbələrimizin daha da yüksək keyfiyyətli təhsil almasını təmin etmək məqsədini daşıyır”.
Azərbaycan Texnologiya Universitetindən (AzTU) qeyd edilib ki, təhsil haqlarının artırılması ilə bağlı məsələ hələ ki, məlum deyil.