Məmmədzadə Samirə Zakir qızı Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Ailəsində təhsilə və milli-mənəvi dəyərlərə verilən önəm onun gələcəkdə pedaqoji fəaliyyətə yönəlməsində mühüm rol oynayıb.
Ali təhsilini Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində alan Samirə Məmmədzadə Azərbaycan dili və ədəbiyyatı müəllimi peşəsinə böyük sevgi ilə yiyələnib və bu sahədə fəaliyyət göstərməyi özünə həyat yolu seçib. İlk pedaqoji fəaliyyətinə Siyəzən rayonu Rasim Abdulrəhimov adına Gilgilçay qəsəbə tam orta məktəbində başlayıb. Hazırda isə Siyəzən şəhər 6 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. Onun 13 illik pedaqoji stajı təhsil sahəsində qazandığı zəngin təcrübənin göstəricisidir.
Samirə Məmmədzadə müəllimlik fəaliyyətini yalnız fənn biliklərinin ötürülməsi ilə məhdudlaşdırmır, eyni zamanda müəllim-şagird münasibətlərinin düzgün formalaşdırılmasına xüsusi önəm verir. Bir pedaqoq kimi şagirdlərinin qayğısına qalır, davranışı ilə onlara insani və milli-mənəvi dəyərləri aşılayır.
Pedaqoji fəaliyyəti dövründə klassik və müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, açıq dərslər və müxtəlif maarifləndirici tədbirlər təşkil edərək şagirdlərdə ədəbiyyata marağın formalaşmasına nail olub.
Eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müxtəlif təlim və peşəkar inkişaf proqramlarında iştirak edib, təhsilverənlərin sertifikatlaşdırılması imtahanında 53 bal toplayaraq peşəkarlığını təsdiqləyib. Onun pedaqoji fəaliyyətinin nəticəsi olaraq yetişdirdiyi şagirdlər bu gün ölkənin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil alırlar.
Səmərəli pedaqoji fəaliyyətinə görə çalışdığı illər ərzində məktəb rəhbərliyi tərəfindən müxtəlif təşəkkürnamələrlə mükafatlandırılan Samirə Məmmədzadə peşəsinə olan sevgisi və məsuliyyəti ilə “Örnək müəllim” kimi tanınır.