Azedu.az

57 mindən çox şagird imtahan verib - YENİLƏNİB

Məktəblər

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

2 Mart 2025, 14:45
57 mindən çox şagird imtahan verib - YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən AzEdu.az-a verilən xəbərə görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 242 bina nümayəndəsi ayrılıb.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 6 nəfərdə mobil telefon, 1 nəfərdə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. 2 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.

Bu gün saat 16:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Abituriyentlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər .

 


06:00

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 2-də tədrisi ingilis dilində olan məktəblərin  şagirdləri də imtahan verirlər.

AzEdu.az xəbər verir ki, imtahanda 57437 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

-  İmtahana buraxılış vərəqəsi;

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a)  Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər..

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.

Moskvada DƏHŞƏT - Silahlar işə düşdü - Yaralılar var
Son xəbərlərDaha çox