Sosial şəbəkələrdə tez-tez belə elanlarla rastlaşırıq: "Balının aşağı gələcəyindən qorxursansa, yaxşı yazmadınsa, bizə müraciət et, balını artıraq". Təəssüf ki, bu tip saxta məlumatlara inanaraq yüksək məbləğdə pul verən valideynlərin sayı az deyil.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Ramin Nurəliyev bildirib ki, bu cür dələduzluq halları geniş yayılıb və hətta özünə də belə müraciətlər daxil olur:
"Bəzən mənə də sual verirlər ki, biz bu yolla balımızı qaldıra bilərikmi? Bu sual qarşısında sadəcə dəhşətə gəlirəm. Xaricdə fəaliyyət göstərən bəzi quldur dəstələri var ki, valideynləri aldadaraq insanları soymağa çalışırlar. Onların əsas hədəfi isə imtahanda az bal toplayan abituriyentlərin təşviş içində olan valideynləridir. Təəssüf ki, bir çox valideynlər bu yalanlara inanır".
Ekspert vurğulayıb ki, Dövlət İmtahan Mərkəzində (DİM) belə bir fəaliyyət heç vaxt olmayıb və mümkün də deyil:
"DİM-in necə şəffaf sistemdə fəaliyyət göstərməsi hər kəsə məlumdur. Bu günə qədər DİM-in nəticələrinə hər hansı müdaxilə mümkün olmayıb. İmtahan nəticələrinin hesablanması qapalı sistemdə aparılır və yalnız elan edildikdən sonra abituriyentlərə təqdim olunur. Hətta imtahan suallarını hazırlayan bunker müəllimləri belə müəyyən müddət DİM-in nəzarətində saxlanılır ki, suallar kənara çıxmasın. Bu qədər ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü bir qurumda hər hansı bir nəticənin dəyişdirilməsi real deyil".
Bəs valideynlər bu kimi fırıldaqlara inanmamaq üçün nə etməlidir?
Ekspert qeyd edib ki, rəsmi mənbələrdən məlumat almalı, yalnız DİM-in rəsmi saytına və sosial media hesablarına etibar etməlidirlər:
"Sosial şəbəkələrdə yayılan şübhəli elanlara qarşı diqqətli olmalı və bu tip "bal artırma" vədlərinə aldanmamalıdırlar. Hüquq-mühafizə orqanlarına bu cür hallarla bağlı müraciət etməlidirlər. Belə fırıldaqçılar adətən xaricdə fəaliyyət göstərir və anonim hesablar vasitəsilə insanları aldadırlar. Əgər ölkə daxilində belə fəaliyyət göstərənlər aşkarlanarsa, xüsusi xidmət orqanları onları tapıb ifşa edə bilər. Sosial şəbəkə platformaları ilə əməkdaşlıq edilərək bu tip saxta hesabların bloklanması təmin edilməlidir. Maarifləndirmə işləri aparılaraq valideynlər və abituriyentlər üçün xəbərdarlıq elanları yayımlanmalıdır".
Ramin Nurəliyev əlavə edib: "Bu dələduzlar insanları aldadıb pullarını ələ keçirdikdən sonra ortadan yoxa çıxırlar. Aldanan valideynlər isə peşman olub aidiyyəti qurumlara müraciət edirlər, lakin çox vaxt artıq gec olur. Bu səbəbdən valideynlər övlətlarını nəzarətdə saxlamalı, sosial şəbəkələrdə yayılan saxta məlumatlara qarşı ayıq-sayıq olmalıdırlar".