Azedu.az

Millət vəkili Hikmət Babaoğlu 88 nömrəli tam orta məktəbin qonağı olub

Bakı Şəhər üzrə Təhsil İdarəsi

24 Yanvar 2025, 09:56
Millət vəkili Hikmət Babaoğlu 88 nömrəli tam orta məktəbin qonağı olub

“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 88 nömrəli tam orta məktəbdə keçirilib. 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu olub.  

Şagird auditoriyası qarşısında çıxış etməkdən duyduğu məmnuniyyəti dilə gətirən qonaq özünün məktəb, tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb, formalaşmasında mühüm rol oynamış sevimli müəllimlərini xatırlayıb. H.Babaoğlu bu gün məktəbin, müəllimin nüfuzundan, bu müqəddəs dəyərlərin qorunması işində cəmiyyətin rolundan, fərdin şəxsiyyətə çevrilməsində müəllimin əməyindən danışıb. Qarabağ Zəfərində Azərbaycan məktəbinin yetişdirdiyi gənclərin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən millət vəkili Qərbi Azərbaycana qayıdış prosesində yeniyetmə və gənclərin üzərinə düşən vəzifələrdən söz açıb. “Bizi Qərbi Azərbaycana qaytaran tarixi yaddaşımız olacaq”- deyən H.Babaoğlu bildirib ki, əzəli yurd yerimizə qayıdış o torpaqların əsil sahiblərinin ən böyük haqqıdır.

Qonaq məktəblilərin cəmiyyət, bütövlükdə ölkə üçün faydalı, layiqli vətəndaş kimi yetişmələri, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi,  mütaliənin qazandırdığı üstünlüklər və digər maraqlı məqamlara toxunub, şagirdləri düşündürən sualları cavablandırıb.

Daha sonra qonaq müəllifi olduğu kitabları şagirdlərə və məktəbin kitabxanasına hədiyyə edib.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox