https://www.zirve.edu.az/
02.01.2019 09:35
2018-ci ilin özünü doğrultmayan elmi proqnozları

Keçdiyimiz il həm də bir sıra doğrulmayan elmi kəşflər və proqnozlarla da yadda qalıb.

AzEdu.az Milli.az-a istinadən bildirir ki, Fransanın "Le Monde" qəzeti bununla bağlı xüsusi yazı dərc edib

Qəzetin yazdığına görə, keçən il işə salınması gözlənilən dünyada ilk ekzaflops superkompüteri ərsəyə gətirilməyib. Bu kompüterlər informatika elmində yeni eranın başlanğıcını qoymalı idi. Lakin ABŞ Müdafiə nazirliyi hələ də onun quruluşunu təxirə salır.

Bundan başqa, Marsda orqanik həyatı tədqiq edəcək "Ekzomars-2018" layihəsini də həyata keçirmək mümkün olmayıb. NASA-nın bu plandan maliyyə səbəblərindən vaz keçdiyi deyilir.

Bundan əlavə, qırmız planetə 2018-ci il üçün turist göndərmək kimi nəzərə tutulan fantastik proqnozlar da özünü doğrultmayıb. Bu layihə hələ bir müddət öncə amerikalı milyarder, Beynəlxalq Kosmik Stansiyasını ziyarət edən ilk həvəskar turist olan Dennis Tito tərəfindən irəli sürülmüşdü. Hazırda bu məsələ ilə digər ekstravaqant iş adamı İlon Mask məşğuldur. 

Çilinin Atakama səhrasında böyük teleskopun tikintisi də başa çatdırılmayıb. Beləliklə, bununla da Avropa Cənub rəsədxanası tərəfindən vəd edildiyi kimi, Qalileydən sonra kainat haqqında təsəvvürlərdə yeni inqilab da gerçəkləşdirilə bilməyib.

Eksperimental termonüvə reaktorunun işə salınmamasını da 2018-ci ilin baş tutmayan planlarına aid etmək olar. Bunun nəticəsində bəşəriyyətin üzləşdiyi enerji böhranına cavab tapmaq mümkün olmayıb. Beləliklə, dünyadakı ilk nüvə sintezinin buraxlmasını 2035-ci ilə, həmin reaktordan veriləcək elektrik enerjisinin satılmasını isə 2060-cı ildə qədər gözləmək lazım gələcək.

"Hər halda 2012-ci ildə istehsal olunan"Dəmir göy" filmində göstərildiyi kimi, II dünya müharibəsindən sonra Ayın qaranlıq tərəfində gizlənən faşistlər Yerə qaytımayıb", - deyə qəzet sonda zarafatla qeyd edib.