Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 14:20:09
Modul tipli məktəb nədir? – Azərbaycanda 232-si tikiləcək

Məlum olduğu kimi, 2017-2018-ci tədris ili “Təhsildə keyfiyyət ili” elan olunub. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq pilot layihə çərçivəsində 232 modul tipli məktəbin quraşdırılması planlaşdırılıb.

İlk olaraq Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq təhvil verilib. 

Modul tipli məktəb nədir?

Bir çox ölkələrdə iqtisadi baxımdan daha səmərəli, yüksək keyfiyyətli və sənaye üsulu ilə hazırlanan modul tipli məktəblərdən istifadə olunur.

Belə məktəblərin daxilində və xaricində istifadə olunan materiallarda insan sağlamlığı üçün heç bir ziyanlı maddə yoxdur, yanğına, sukeçirməyə, nəmlənməyə, çürüməyə, isti və soyuğa qarşı daha dayanaqlıdır. İnşaat işləri əsaslı tikintiyə nisbətən kiçik maliyyə vəsaiti tələb edir.

AzEDU-ya açıqlama verən sabiq deputat, bir zamanlar Milli Məclisin Elm və Təhsil Komitəsinə rəhbərlik etmiş professor Şahlar Əsgərov modul tipli məktəblər barəsində bunları deyib:

f6c4dff79c44f9e6bb7a929995e1a140.jpg

“50-100 nəfər əhali yaşayan ərazilərdə, məktəbə gedən uşaqların sayı maksimum 20-30 nəfər ola bilər. Belə yerlərdə böyük fundamental məktəb tikmək məqsədəuyğun deyil. Buradakı şagirdlərin qonşu kənddəki məktəblərə getmələri müəyyən problemlər yaradır. Modul tipli məktəblər belə məntəqələrdə əhalinin təhsilə olan tələbatını ödəməklə dövlətə kömək edir”.

Təhsil eksperti Kamran Əsədov adıçəkilən məktəblərlə bağlı bir neçə vacib faktı qeyd edib:  

“10 il ərzində onların 3 minə qədəri təmir olunub, yenidən tikilib. Buna baxmayaraq, bəzi bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir, təmir olunmayan qəzalı məktəblər var ki, 2016-cı ildən etibarən bunlar modul tipli məktəblərlə əvəzlənir. Təhsil Nazirliyinin bu addımı müsbətdir.  Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Bunların digər üstünlüyü odur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq, 50 yerlik səyyar məktəb quraşdırılır”.

BGwqKt21489064049.jpg

Ekspertin sözlərinə görə, bu məktəblərə az miqdarda pul xərcləndiyindən sərfəlidir:

“Bunlarla yanaşı, ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunurdu. Modul tipli məktəblərdən Avropa və Amerikada istifadə edilir. Əsas vacib məqam odur ki, məktəb quraşdırılarkən  coğrafi relyef nəzərə alınır. Apardığım araşdırmalar nəticəsində gördüm ki, modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. Bu, təhsilin inkişafına gətirib çıxaracaq. İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər indi daha rahatdırlar. Modul tipli məktəblər 100-300 uşaq tutumuna malik olur. Əvvəllər böyük vəsait hesabına başa gələn ənənəvi məktəbləri indi az xərcli, amma keyfiyyətli, tam tədris resursları ilə təmin olunmuş məktəblər əvəz edir.

Əsmər Qabil