Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-16 15:15:15
Valideyn məsuliyyətsizliyi: Əyləncə faciəyə çevirilir

Təəssüf ki, hər il dəniz mövsümü başlayanda mütəmadi olaraq azyaşlıların, eləcə də yeniyetmələrin dənizdə boğulması xəbərlərləri ilə qarşılaşırıq. Boğulanların bir qismi qaydalara məhəl qoymur, digər qismi isə valideyn nəzarətindən yayınır. 

 

Bu halların qarşısını almaq üçün nə zaman həyəcan təbili çalınmalıdır? Nələrə diqqət edilməlidir?

 

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı AzEdu.az-a müsahibə verib.

 

Valideyn olmaq yedirtmək, geyindirmək, oxutmaqla bitmir...

“Çimərliklərdə nəinki azyaşlı, hətta 17 yaşlı gənclərin də batması xəbərlərini alırıq. Təəssüf ki, bu, hər il çimərlik mövsümündə ürək ağrısı ilə izlədiyimiz vəziyyətdir. Özüm də şahid olmuşam ki, çimərliklərdə nəzarətçilərin dediklərinə məhəl qoyanların sayı çox azdır. Təyin olunmuş ərazidə üzmək istəməyib, qadağan olunmuş ərazilərə keçmək istəyən gənclər bunu əyləncə kimi qəbul edirlər, amma ölüm anında bu nə əyləncə, nə də zarafat çərçivəsinə sığmayaraq böyük bir faciə ilə nəticələnir. Buna görə də qadağaları diqqətlə dinləmək, onlara məhəl qoymaq lazımdır. Hətta küləkli havada toplarla, şarlarla dəniz əyləncəsi qadağan edilməsinə rəğmən buna da  məhəl qoymurlar. Külək həmin topları uzaqlaşdıranda təbii olaraq, insanlar da onun arxasınca getdiyi üçün boğulma halları baş verə bilir. Bir şey qadağan edilirsə, demək ki, bunun bir səbəbi var. Əyləncə faciəyə çevirilməsin deyə çimərliklərdə onların tələb etdiyi qaydalar çərçivəsində hərəkət etmək lazımdır.

 

Özümüz də şahidi oluruq ki, valideynlər dənizkənarı çardaqlarda (bisetkalarda) otururlar, uşaqları isə nəzarətsiz şəkildə dənizdə çimirlər. Dəniz nəzarətçiləri bir-bir hamıyla məşğul ola biləcək potensialda deyil. 100-200 adama 1 nəfər nəzarət edə, hamını diqqətdə saxlaya bilməz.Valideyn azyaşlı uşaqla dənizə gedirsə, bunun məsuliyyətini anlamalıdır. O, heç kimdən tələb edə bilməz ki, uşağımın can güvənliyinə kimsə cavabdeh idi. Uşağın güvəndə olmağına birbaşa valideyn cavabdehdir. O, bu təhlükəsizliyi nəzarətçinin göstərişlərinə əməl edərək yerinə yetirməlidir. İş-işdən keçdikən sonra kimdəsə günah axtarmaq düzgün deyil”.