Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-11 09:08:00
Digər ölkələrdə müəllimlər necə sertifikatlaşdırılır? - İZAH

“Sertifikatlaşdırma müəllimlərin peşəkar səviyyəsinin xarici qiymətləndirilməsidir”.

 

Bu sözləri AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

Ekspert bildirib ki, müasir çağırışlar dövründə yeni müəllimin hazırlanmasını hədəfləyən dünyanın müxtəlif ölkələrində həyata keçirilən sertifikasiya prosesləri fərqlidir:

 

“2030-cu ilədək BMT-nin əsas hədəflərindən biri Dayanıqlı İnkişaf Məqsədlərinə (Keyfiyyətli təhsil) nail olunma nəzərdə tutulur ki, məqsəd yaxın 10 il ərzində ixtisaslı müəllimlərin sayının artırılmasını təmin etməkdir.Müasir çağırışlar dövründə yeni müəllimin hazırlanmasını hədəfləyən dünyanın müxtəlif ölkələrində həyata keçirilən sertifikasiya prosesləri fərqlidir. ABŞ-da müəllimlərin peşə səriştələrinin qiymətləndirilməsi müxtəlif yollarla, o cümlədən sertifikatlaşdırma vasitəsilə həyata keçirilir.

 

İki aparıcı təşkilat - 1987-ci ildə yaradılmış Pedaqoqun Peşəkar Standartları üzrə Milli Şurası (National Board for Professional Teaching Standards - NBPTS) və Yeni Müəllimləri Qiymətləndirmə və Dəstəkləmə Regionlararası Konsorsiumu (Interstate New Teacher Assessment and Support Consortium - INTASC) birgə səylərlə müəllimlərin milli standartlarını hazırlayıb. Pedaqoqların bu yüksək standartlara uyğunluğu “çərçivə”, yəni, tövsiyə xarakteri daşıyır. Müxtəlif ştatlarda standartlar və onlara uyğun səriştələrin sayı fərqlidir. Ayrı-ayrı ştatlarda peşəkar inkişaf səviyyələri də fərqli şəkildə müəyyənləşdirilir.

 

Qeyd etmək lazımdır ki, NBPTS sertifikatı pedaqoji fəaliyyətə giriş üçün lazım olan dövlət sertifikatının əvəzi deyil (tam təhsil kursunu bitirdikdən sonra pedaqoji kolleclərin bütün məzunları bunu alır). Beləliklə, NBPTS sertifikatı - peşədə yüksək nailiyyətlərin sübutudur. Məktəbdə ən azı 3 il tam iş təcrübəsi olan müəllimlər bu sənədi əldə edə bilərlər.

 

Avstraliyada sertifikatlaşdırmanın vəzifələri bunlardır: müəllimin təmin etdiyi tədrisin keyfiyyətini müəyyənləşdirmək; müəllimlərə peşə fəaliyyətində özünürefleksiya (özünü təqdimetmə) imkanı vermək; nəticələrinin tanınması və ya təhsil müəssisələrinin yüksəkixtisaslı, aparıcı əməkdaşlarının mükafatlandırılması/təşviqi ilə keyfiyyətli tədris sisteminin təmin edilməsi”.

 

Həmsöhbətimiz sertifikasiyanın məqsədini bacarıqlı, tədris metodlarını və yeni təhsil texnologiyalarını bilən, onların yayılmasına kömək edən yüksək səviyyəli müəllimləri müəyyənləşdirmək olduğunu söyləyib:

 

“Yaponiyada sertifikasiya prosesində “üç səviyyəli sınaq” tətbiq olunur: pedaqoji nəzəriyyə üzrə test; konkret fənn materialını dərindən bilmək, metodik bacarıq və səriştələr; namizədlə müsahibə, o cümlədən müəllimin kommunikativ səriştələrinin, komandada işləmək bacarığının, peşəkar bacarıqlarının, dəyərli mövqelərinin qiymətləndirilməsi. Bu model məktəblərdə işləmək üçün müəllimlərin seçilməsini nəzərdə tutur və prefekturaların (inzibatı ərazi vahidləri) rəhbərləri tərəfindən aparılır. Almaniyada müəllimlik statusu almaq hətta magistrantlara belə mümkün deyil. Ali məktəbin məzunu müəllim hazırlığının iki mərhələsindən keçməlidir: nəzəri - universitetdə təhsil almaq və birinci dövlət imtahanından keçmək; praktiki reenerdariat - təhsil müəssisəsində təcrübə və ikinci dövlət imtahanından keçmək.

 

Məzunların pedaqoji hazırlığını gənc müəllimlərlə işləməkdə mühüm rol oynayan pedaqoji təhsil mərkəzi həyata keçirir. Burada məzunlar dövlət imtahanlarını verir, təcrübə dövründə tam dəstək alır, nəticədə iki prosedurdan ibarət imtahan verirlər: tədris olunan iki fəndən hər biri üzrə bir açıq dərs, tədqiqat və kollokvium mövzusu üzrə müstəqil yazılı iş (şifahi imtahan).

 

Əgər iddiaçı iki dərs üçün kifayət qədər bal toplaya bilməsə, onda yazılı sınaq işinə və kollokviuma icazə verilmir. Kollokvium müəllim tərəfindən seçilən mövzuda müzakirə, fikir mübadiləsi formatında keçirilir. Bu imtahandan uğurla keçmək üçün namizədlər pedaqoji təhsil mərkəzində hazırlıq kursuna cəlb olunurlar. Müəllimin sonrakı peşəkar inkişafı xidməti qiymətləndirmə ilə müəyyən edilir.

 

Ukraynada müəllimlərin sertifikatlaşdırılması ilk pilot layihə olaraq 2019-cu ildə keçirilib, o zaman 857 qeydiyyatdan keçmiş 705 pedaqoq sertifikatlaşdırmada uğur qazanıb. 2020-ci ildə könüllü sertifikatlaşdırma üçün 2000 kvota üzrə 1591 nəfər qeydiyyata alınıb. 902 ibtidai sinif müəllimi sertifikatlaşdırma prosedurundan uğurla keçib. 2021-ci ilin fevralından başlanan sertifikatlaşdırmada isə 2000-dən çox pedaqoq iştirak edib. Rəqəmlər ukraynalı müəllimlərin sertifikatlaşmaya artan marağını əks etdirir. Ukraynada sertifikasiya könüllüdür, pedaqoq prosesin istənilən mərhələsində iştirakdan imtina edə bilər. Sertifikat üç il müddətindədir.

 

Ukraynada sertifikatlaşdırmadan uğurla keçmək əməkhaqlarında 20% artım əldə etməyə imkan verir və növbəti (növbədənkənar) attestasiyadan keçmək kimi qiymətləndirilə bilər. Rusiya Federasiyasında pedaqoji kadrların peşəkar standartına yönəldilmiş sertifikatlaşdırılma sisteminin tətbiqində xarici təcrübədən fəal istifadə olunur. Xarici təcrübənin təhlili deməyə əsas verir ki, müəllimlərin peşə ixtisaslarının və səriştələrinin sertifikatlaşdırılması təhsilin yüksək keyfiyyətini təmin etmək üçün səmərəli ictimai-dövlət tədbiri ola bilər. Qazaxıstanda isə normativ-hüquqi sənədlərdə edilən dəyişikliklərə müvafiq olaraq bu ildən pedaqoji ali məktəblərin məzunlarının sertifikasiyasına başlanılıb. Normativ-hüquqi sənədlərdəki dəyişikliklərə uyğun olaraq, artıq bu ixtisasa daxil olacaq pedaqoji istiqamətlərin məzunları sertifikatlaşdırmadan keçəcəklər.

 

Yəni, bu peşəyə ilk dəfə başlayanlar milli ixtisas testinin sertifikatına sahib olmalıdırlar. Onlar məktəbə qəbul edildikdən sonra pedaqoji bacarıqlarını praktikada göstərməli, sertifikat almalı, pedaqoji ixtisas dərəcəsi əldə etməli və yalnız bundan sonra müəllim kimi işləyə bilərlər. Beləliklə, sertifikatlaşdırma müəllimlərin peşəkar səviyyəsinin xarici qiymətləndirilməsidir. Onun məqsədi bacarıqlı, tədris metodlarını və yeni təhsil texnologiyalarını bilən, onların yayılmasına kömək edən yüksək səviyyəli müəllimləri müəyyənləşdirmək və təşviq etməkdir”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK