Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 16:53:00
"Gəzən akademiya" - İctimai birlik yeni layihəyə başladı
"Qadın və uşaqları sağlam düşüncəyə yönəldən yolu göstərən, elm, təhsil, dünyagörüş qazanmağa, ali dəyərlərə xidmət edən həyat yaşamağa, özünə inanmağa, güvənməyə səsləyən yazılar yazanda deyirdilər ki, ondansa insanları maarifləndirin. Əslində, elə bizim də məqsədimiz bu idi. Yaxud deyirdilər ki, sizn xitab etdiyiniz kəsim sizi oxumur, onların bütün bu yazılanlardan xəbəri yoxdur. Bu, bizi də düşündürürdü. Və nə qədər çətin də olsa, bunun da bir yolu var və biz o yola çıxdıq". 
 
Bunu Sherg.az-a Qadın və Uşaq Akademiyası İB-nin rəhbəri Sevinc Fədai deyib. O bildirib ki, Uşaq Akademiyası İB olaraq başlatdıqları "GƏZƏN AKADEMİYA” layihəsi adı altında səslərini eşitdirə bilmədikləri adamların cəm olduğu, cəmiyyəti narahat edən məsələlərin daha çox hökm sürdüyü yerlərə – ən ucqarlara özləri gedirlər: 
 
"Onlarla şəxsən görüşüb söhbətləşəcək, müsbətə doğru dəyişiklik üçün əlimizdən gələni edəcəyik. Düşünürük ki, sağlam fikir formalaşdırmaq, elmə, təhsilə maraq yaratmaq, psixoloji problemləri aradan qaldırmağa az yaşdan başlamaq lazımdır, elə ona görə də layihəmizin ilk təsir göstərmək istədiyi qrup uşaqlar olacaq. Bu məqsədlə ilk olaraq Ağsunun Kalva kəndinə yola düşdük. Kənd sakinləri, balacaları, eləcə də Sübhan Şükürov adına Kalva kənd orta məktəbinin şagirdləri və valideynləri ilə görüşərək uşaqların psixoloji sağlamlığı, düzgün yetişdirilmək və təhsillə bağlı hansı problemlərinin, hansı dərslərində boşluqların, zəif nöqtələrinin olduğu ilə maraqlandıq. Nəticədə layihəmizi daha da təkmilləşdirərək icrasına başlayacaq və həmin zəif məqamları aradan qaldıraraq uşaqların bu gününə və gələcəyinə töhfə verməyə çalışacağıq. Ümid edirik ki, bu addımımız gələcəyin sağlam düşüncəli cəmiyyətini qurmağa yardımçı olacaq. 
 
Sevindiricidir ki, məktəbin gənc müəllimi Elgün Əfəndiyev və valideynlər fikir və ideyalarımıza müsbət reaksiya verdilər və onlar da bu yolda bizim yanımızda olacaqlar. Onları sadəcə öz beyinlərinin gücünə, bacaracaqlarına inandırmaq, stimul, həvəsləndirmə, onların daxili potensialını, istedadını kəşf etmək və düzgün istiqamətləndirmək lazımdır. Vaxt, səbr, istək lazımdır. Elə biz də bunun üçünük. Layihəmizin detalları barədə tezliklə üzvlərimizə və ictimaiyyətə geniş məlumat veriləcək. O da sevindiricidir ki, biz tək deyilik. Layihəmizi həyata keçirmək yolunda bizə dəstək olan, uşaqları kitab, qələm, metodik vəsaitlər, dərs ləvazimatları ilə sevindirməyimizə imkan yaradan dəyərli ziyalı həkimlərimiz Rasim Bayramov, Mirəli Məcidov,Vüqar Bayramov, Qalib İmanov və Kapital Bankın Laçın filialının direktoru Rəşad Şükürov,  Bilik Tədris Mərkəzinin rəhbəri Rövşən Abdulhəsənova təşəkkürümüzü bildiririk. İnsanımıza dəyər verir və bunu hiss etdirmək istəyirik. Elə buna görə də "Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru” deyib yola çıxdıq. Bu yolda yanımızda olan, mənəvi və maddi köməyini əsirgəməyən hər kəsə minnətdarıq. Həyatına sevgi ilə, bilgi ilə, kitabla toxunduğunuz uşaqlar sizə minnətdardır!".