Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-25 09:00:00
“Tarixdə bu gün” - 25 fevral...

Bəzi tarixlər vardır, heç vaxt unudulmur, yaddaşlardan silinmir. Bəzi insanlar da vardır ki, tarix yazır.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki hadisələri, eləcə də tarixdə ad qoymuş  insanları yad edir.

 

25 fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

 

25 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev şəhidlik zirvəsinə ucalıb: 

 

1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdi, amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib Ona demişdi ki, “Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan".

 

Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi.Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi.Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü.Avtomatın darağını dəyişərkən erməni gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.

 

Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalıb. Onun Nazim adında işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü.Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: "Əgər bilsələr bu Əlifin meyitidir, ermənilər onu sizə verməyəcəklər". Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirib. 

 

 

 

25 fevral 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev qəhrəmancasına şəhid olub:

 

Ayağından yaralanan Aqili 1992-ci il fevralın 25-də, döyüş yoldaşları xərəyə qoyub Xocalı soyqırımından xilas etmək üçün çalışırdılar. Bütün Xocalı sakinləri şəhərin uzunmüddətli müdafiəsində onun misilsiz xidmətlərini yaxşı bilirdilər.Növbə ilə onu Kətik kəndinin yanına qədər gətirib çıxardılar, lakin dağın döyüşündə erməni əsgərlərinin pusqusuna düşdülər.Aqil Quliyevi aparanlardan hamısı həlak oldu, bir güllə də Aqilə dəydi.Aqil Quliyevin meyitini beş gün sonra martın 2-də hadisə yerindən götürmək mümkün oldu.

 

1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

 

 

25 fevral 2022-ci ildə musiqişunas alim, professor Əlibaba Məmmədov vəfat edib:

 

Əlibaba Baləhməd oğlu Məmmədov 1930-cu il 5 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olub. 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib.

 

Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.

 

 

25 fevral 1992-ci ildə  Azərbaycan və Yəmən arasında diplomatik əlaqələr qurulub:

 

6 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Yəmən Respublikasının Baş Nazirinin müavini, Xarici İşlər naziri Əbdülməlim Əl-Mixlafini qəbul edib.

 

24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Yəmən Respublikasının Xarici İşlər Naziri Məhəmməd Abdulla Məhəmməd Əl-Hadraminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.