Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 15:11:00
“Örnək müəllim”dən dərsdə video çəkənlərə RƏY: “İşimizi reklam etməməliyik”  

Son zamanlar müəllimlərin tez-tez dərsdə əyləncəli formatda video çəkərək sosial şəbəkələrdə paylaşdıqlarını görürük. Müşahidələrimizə əsasən deyə bilərik ki, bu kimi hallar ictimaiyyətdə çox da müsbət qarşılanmır.

 

Ümumiyyətlə dərs gedişatında şagirdlərin videoya çəkilməsi doğrudurmu?

 

“Örnək müəllim”, “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova AzEdu.az-a bu mövzu ilə bağlı öz yanaşmasını bildirib.

 

“Dərsdə hər şeyi çəkib paylaşmaq nəyə lazımdır ki?”, –deyə Kəminə müəllim sözə başlayıb:

 

“Təcrübəli müəllimlər, eləcə də yaşlı nəslin nümayəndələri dərsdə video çəkib paylaşmağa normal baxmırlar. Mənim fikrimcə ümumiyyətlə müəllimin işi reklam xarakterli olmamalıdır. Müəllim şou-biznes əhli olmadığı üçün onun fəaliyyətindəki hər şeyi paylaşmağı doğru deyil. Bizim əsil uğurumuz şagirdin təhsildə, tədrisdə, həmçinin, tərbiyədə əldə etdiyi uğurdur. Şagirdin müvəffəqiyyətini isə anındaca görmək mümkün deyil. Əvvəldən hər xırda fəaliyyəti çəkib reklam etməyimiz həmin işin sonunun uğurlu olacağından xəbər vermir. Biz həmişə müzakirə edirik ki, bu gün nəyisə etmişiksə, onu paylaşmağın nə mənası var?

 

Bu məsələyə birmənalı yanaşmaq olmaz. İndi elə bir dövrdür ki, insanların bütün həyatı sosial şəbəkələrdədir. Bu baxımdan gənc müəllimləri başa düşmək olar. Onlar istəyirlər ki, hər fəaliyyətlərini paylaşsınlar. Ümumiyyətlə müəllim peşəsi daim qabaqcıl pedaqoji təcrübələrdən yararlanmağı, təcrübə mübadiləsi etməyi tələb edir, lakin bəzən həddindən artıq, hətta lazım olmayan bir fəaliyyəti belə işıqlandırmağa çalışırlar. Burada ən əhəmiyyətli məqam isə şagirdin şəxsiyyətinə, şəxsi fikrinə hörmətdir. Hansısa şagird danışıq tərzindən, səs tonundan, eləcə də görünüşündən çəkinə bilər ki, bu da onların yaş dövrlərinin xüsusiyyəti ilə bağlıdır. Müəllimlik fəaliyyətində bunları mütləq nəzərə almaq lazımdır. Əgər şagird onun üzünün görünməsinə, eləcə də səsinin eşidilməsinə razı deyilsə, hər şeydən qabaq buna hörmət etmək lazımdır”.

 

“Örnək müəllim” bildirib ki, açıq dərsləri belə çəkib paylaşanların əleyhinədir:

 

“Günlərlə açıq dərsə hazırlaşıb, onu çəkib paylaşmaq düzgün deyil. Anidən müəllimin dərsinə girib onu müşahidə etdikdə də, bilmək olur ki, dərsin səviyyəsi nə yerdədir. Xüsusi ilə gənc müəllimlər “Trend”, “Challenge” deyərək məktəb dəhlizlərində kiçik video-roliklər çəkib paylaşırlar. Bəzən o hərəkətlərin mənasını axtarmağa çalışıram ki, görəsən bunun nə mənası nədir? Burada nə məna var? Biz müəllimik. Biz dəyər aşılamalıyıq. Şagirdin mənəvi, psixoloji ruh halına müsbət təsir edən hərəkətlər etsək daha yaxşı olar. Uşaqlar birinci vətənpərvərliyi, yüksək insani dəyərləri öyrənməlidirlər. Məktəb dəhlizləri kamilliyə gedən yoldur. Burada lazım olmayan məsələlərin təbliğinə yol verilməməlidir”.