Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-16 15:07:00
Sınaq imtahanları abituriyentlər üçün niyə faydalı olmur? - SƏBƏBLƏR  

Dövlət İmtahan Mərkəzi fevralın 18-də qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Abituriyentlər həmin sınaq imtahanında iştirak etməklə bilik və bacarıqlarını yoxlacaqlar.

 

Maraqlıdır, qəbul üçün nəzərdə tutulan sınaq imtahanının nəticələri nə yerdə olacaq?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, sınaq modelinin nəticələri ürəkaçan olmayacaq:

 

“Çünki abituriyentlər hazırda buraxılış istiqamətində hazırlaşdıqları üçün qəbul mövzularına bir o qədər də önəm vermirlər. Hətta bir çox abituriyent qəbul dərslərini dayandırıb buraxılış imtahanına kökləniblər. Çünki buraxılış imtahanına qısa müddət qalıb və onlar nəticələrini yüksəltmək üçün daha çox səy göstərirlər. 

 

Hesab edirəm ki, sınaq imtahanlarının abituriyentlər üçün ciddi bir faydası yoxdur. Yəni abituriyent bu sınaq imtahanında iştirak etməklə sadəcə imtahan stressini atmış olacaq”.

 

Ekspert qeyd edib ki, bəzi abituriyentlər üçün qəbulun sınaq imtahanı önəm daşımır:

 

“Abituriyentlər bütün mövzuları tam keçmədiyinə görə sınaq imtahanında istənilən nəticəni əldə edə bilməyəcəklər. Bütün abituriyentlərə şamil olmasa da bir çoxları üçün sınaq o qədər də ciddi bir maraq dairəsində deyil. 700 balı hədəfləyən bir çox abituriyentlərin məqsədi sınaq imtahanında iştirak edib qəbulda hansı model əsasında sualların düşəcəyini öyrənməkdir. Buraxılış imtahanından sonra həmin abituriyentlərin qəbula hazırlanmasında sınaqlar bir növ qapı rolunu oynayır”, - deyə fikrini tamamlayıb.